Brejnevin vaxtından bəri ən irimiqyaslı hərbi manevr
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.
“Bu təlimlər haradasa “Qərb-81”i (1981-ci ildə SSRİ-nin keçirdiyi və soyuq müharibə dövrünün ən irimiqyaslı təlimləri-red.) xatırladır, amma ola bilsin nələrə görəsə daha irimiqyaslı olacaq”-Şoyqu bildirib.
Rusiya müdafiə nazirinin sözlərinə görə, “Şərq-2018” adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması, o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.
“Təsəvvür edin ki, eyni zamanda 36 min texnika hərəkətə gələcək-bunlar tanklar, BTR-lər, BMP-lərdir. Və bütün bunlar təbii ki, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə sınaqdan keçiriləcək”-müdafiə naziri deyib.
Rusiya KİV-ləri xatırladır ki, Brejnevin dövründəki “Qərb-81” təlimləri 1981-ci ilin sentyabrında Belarus, Kiyev və Pribaltika hərbi dairələrinin ərazisində, habelə Baltik dənizi akvatoriyasında keçirilib. Sovet ordusu ilə yanaşı təlimlərə Varşava blokunun bir neçə ölkəsinin qoşunları da qatılıb. Bu təlimlərdə ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemləri və bir neçə yüksək dəqiqlikli silahlar ilk dəfə sınaqdan keçirilmişdi.
Mənbə:> Virtualaz.org