Rafael Bağdasaryanın (“Svo Raf”) sağ əli Fikrət Məhərrəmov ERMƏNİSTANI SİLAHLANDIRIB, AZƏRBAYCANDAN MAZUT GÖNDƏRİB..
“Lenta.ru” portal məşhur kriminal avtoritetlər barədə yazılar silsiləsindən bu dəfə məşhur erməni “vor zakon”, “Svo Raf” ləqəbli Rafael Bağdasaryan barədə məqalə dərc edib. Virtualaz.org xəbər verir ki, bu məqalədə Azərbaycanla bağlı da kədərli məqamlar yer alır. Ona görə kədərli ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində öz kriminal hakimiyyətini Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan Ermənistanı silahlandırmaq, ərzaq və yanacaqla təmin etmək üçün istifadə edən bu erməni avtoritetin “sağ əli” azəbaycanlı Fikrət Məhərrəmov olub.
Və “Svo Raf” 1992-ci ildə həmin Fikrət Məhərrəmovla birlikdə Moskvadan gizli yolla Azərbaycana gətirilən silahları ələ keçirib və Ermənistana yola salıb. O cümlədən 1993-cü ildə “Svo Raf” Moskvadakı Lefortovo təcridxanasında müəmmalı şəkildə öləndə kriminal avtoritetin dəfn mərasimi üçün Bakıdan İrəvana xeyli azərbaycanlı “vor zakon” gedib. Üstəlik mazut da göndərilib…
Doğrudur, belə deyim var ki, kriminalın milliyyəti olmur, amma bu deyim nəyə görə oğru qanunlarını müqəddəs sayan “Svo Raf” üçün deyil, məhz azərbaycanlılar üçün keçərli olmalı idi? Əgər bu deyim düzgün idisə “Svo Raf” niyə müharibə başlayan kimi bütün resurslarını vətəni Ermənistana köməyə yönəldirdi? Və onun azərbaycanlı əlaltıları da bu işdə “Svo Raf”a kömək etməliydi?
Beləliklə, “Lenta.ru” yazır ki, 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində azərbaycanlılarla ermənilər arasında Qarabağ münaqişəsi başladı. “Svo raf” həmin vaxtlar keçmiş sovet məkanının ən nüfuzlu kriminal avtoritetlərindən idi və baş verənlərdən kənarda qala bilməzdi. O, dəfələrlə Ermənistana ərzqla, geyimlə, silahla kömək etdi.
Kriminal avtoriteti yaxından tanıyan Levon Soqomonyan “Svo Raf” haqda kitab yazan Sergey qaloyana 1990-cı illərin sonlarında Qarabağ ermənilərinə kömək üçün onunla birlikdə keçirdikləri bir sıra xüsusi əməliyyatlar haqda danışıb.
“Moskvada bir ay yaşayandan sonra mən Yerevana yola düşdüm, orada noyabr ayına qədər qalıb yenidən Moskvaya qayıtdım. Orada mən dostlarımdan birinin yanında işə düzəldim. Onun mənzili Moskvanın düz mərkəzində idi. Hər axşam həyətə iri yük maşınları girirdi, səhər tezdən çıxırdılar. Bu bizə şübhəli göründü”-Soqomonyan xatırlayır.
O, dostu ilə birlikdə görür ki, hətta sərt şaxtalarda da bu maşınlarda azərbaycanlı mühafizəçilər olur. Belə məlum olur ki, Moskvadakı Tulsk silah zavodundan silah çıxarılır və gecə azərbaycanlıların maşınlarına yüklənir, ertəsi gün Azərbaycana yola salınır. Soqomonyan “Svo Raf”ın və dostlarının köməyi ilə həmin silahı ələ keçirib Ermənistana göndərmək fikrinə düşür.
Plan isə sadə idi: silah Azərbaycana göndərilmək üçün yük maşınlarına yüklənəndə silahlı ermənilər mühafizəçiləri zərərsizləşdirir, əllərini və ayaqlarını bağlayır, maşını qaçırırlar. Əsirləri Moskva ətrafındakı bağ evlərindən birində girov saxlamaq və silahlar Ermənistana çatana qədər buraxmamaq planlaşdırlımışdı. Belə də olur və dumandan istifadə edərək silah yüklü maşın qaçırılır, həmin maşın “Svo Raf”ın köməyi ilə Ermənistana yola salınır.
"Svo Raf" və Levon Soqomonyan
Levon Soqomonyan deyir ki, bu cür “delikat” əməliyyatlar çox olub. Öz nüfuzundan istifadə edən “Svo Raf” Ermənistana qoyulan blokadanı yararaq ora ərzaq və geyim göndərib. Maraqlıdır ki, “Svo Raf”ın “sağ əli” azərbaycanlı Fikrət Məhərrəmov idi. Deyilənlərə görə “Svo Raf” onun köməyi ilə Ermənistandan olan yaraqlılar üçün 14 milyon rubl da keçirə bilib...
1992-ci ilin payızında Rusiya xüsusi xidmət orqanlarına məlumat daxil olur ki, “Svo Raf” Almaniyadadır və hansısa silah partiyasını gözləyir. Ruslar bu barədə almaniya xüsusi xidmət orqanlarını xəbərdar edir. Almanlar erməni kriminal avtoriteti izləsələr də şübhəli heç nə tapa bilmirlər. Rusiya xüsusi xidmət orqanları bundan narahat olur. Moskvaya qayıdan “Svo Raf” “Minsk” mehmanxanasında məskunlaşır. Bir sıra mənbələr bildirir ki, “vor zakon” işlərini oradan idarə edirdi, bura Ermənistandan Qarabağa göndərilən yaraqlılara, hərbi qruplaşmalara silah, hətta zenit sistemlərinin alınıb göndərilməsi də daxil idi.
23 dekabr 1992-ci ildə “Svo Raf”ın oteldəki nömrəsinə hüquq-mühafizə orqanları əməkdaşları basqın edir. Onlar kriminal avtoriteti həmin Fikrət Məhərrəmovla birlikdə yaxalayırlar. Otaqdan Amerika istehsalı olan “İngram” tapançası da aşkar edilir. “Svo Raf”ı bu dəfə adi təcridxanaya yox, xüsusi xidmət orqanlarının “Lefortovo” təcridxanasına salırlar. Onun “bayırla” bütün təmasları kəsilir.
“Svo Raf”ın tutulmasından 1993-cü ilin yayına, yəni onun ölümünə qədər başına nələrin gəldiyi dəqiq məlum deyil. KİV-lər yazıblar ki, “Svo Raf”ı keçmiş sovet resublikalarından olan kriminal avtoritet kameranı yığışdırmağa kömək etmədiyi üçün döyüb. Hərçənd bu versiya az inandırıcı sayılır.
1993-cü il iyunun 13-də “Lefortovo”ya Almaniyadan polislər gəlir və “Svo Raf”ı bu ölkə ərazisində baş vermiş bir neçə qətlə görə dindirmək istəyir. Lakin görüş baş tutmur. İyunun 20-də “Svo Raf”ın yaxınları ona ərzaq bağlaması çatdırmaq istəyir. Amma bağlamanı qəbul etmirlər. İyunun 23-də isə onun azadlığa çıxacağı gözlənilidi, çünki barəsində ittiham irəli sürmək üçün yetərli dəlil yox idi. Amma erməni avtoritet təcridxanadan çıxmayıb və onun beyninə qan sızmadan öldüyü açıqlanıb. Yaxınları isə onun döyülərək öldürüldüyünü deyiblər.
“Svo Raf”ı iyunun 27-də Yerevanda dəfn ediblər. Dəfn mərasimində dünyanın az qala hər yerindən cinayətkar aləmin nümayəndələri iştirak ediblər. Çarter reysləri ilə Türkiyədən, ABŞ-dan, Almaniyadan, İtaliyadan, hətta Azərbaycandan kriminal avtoritetlər onun dəfni üçün Yerevana axışıb. “Svo Raf”ı dəfn etmək üçün 844 “vor zakon” getmişdi, o cümlədən Azərbaycanla Ermənistan arasında müharibənin şiddətli dövründə, Ağdamın işğal edildiyi bir vaxtda Bakıdan xüsusi reyslə dörd kriminal avtoritet.
“Svo Raf”la vida mərasimi 3 gün-iyunun 25-dən 27-nədək olub. Müxtəlif məlumatlara görə mərasimdə 150-200 min arası adam iştirak edib. Həmin vaxtlar Yerevan blokadaya görə ağır günlərini yaşayırdı, elektrik enerjisi sutkada ən çoxu 2-3 saat verilirdi, evlər odun sobaları ilə qızdırılırdı. Lakin “Svo Raf”la vida mərasimi günlərində Yerevanda bütün sutka işıqlar yanırdı. Əhali bunu hakimiyyətin səxavəti kimi qiymətləndirmişdi. Amma əsıində məsələ başqa idi.
Yerevanda işıqları yandıranlar “Svo Raf”ın dostları, o cümlədən azərbaycanlılar idi. Müharibənin qızğın bir vaxtında Bakıdan Yerevana mazut çatdırmışdılar və Yerevan İES həmin mazut hesabına 3 gün işləmişdi...
Doğrudur, bu əhvalatlar 25 il əvvəl olub. Amma Azərbaycan xüsusi xidmət orqanları həmin günlərdə Yerevana mazut göndərənləri, “Svo Raf”ı basdırmaq üçün gedənləri axtarmağa cəhd edə bilər. O cümlədən sağdırsa həmin Fikrət Məhərrəmovu...
Mənbə:> Virtualaz.org