Xınalıqda 2500 il yaşı olan qədim qəbirlər, bəzək əşyaları, silahlar aşkarlandı – FOTO
Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkar edilib.
Bu barədə virtualaz.org-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat veriblər. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən, memarlıq abidələri qeydə alınıb. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. Ötən il Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparılıb. İlkin aşkarlanmış 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, divarları daş plitə parçaları ilə üzlənib və üzərləri daş plitələrlə örtülüb. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji çeşidli analizlər üçün götürülüb. Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar-nizə, ox ucluqları, tuncdan bəzək əşyaları-qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr pasta mənşəli muncuqlar var.
Mənbə:> Virtualaz.org