"Azərenerji” işıqların sönməsi ilə əlaqədar məlumat yaydı
"Azərenerji" ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb.
AzNews.info Trend-ə istinadən bildirir ki, iyul ayının 12-də saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib.
"Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.
Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş verib və xəttin mühafizəsi tərəfindən dövrədən ayılıb.
Yüksək gərginlikli 220-500 kV-luq hava xətlərin altında törədilmiş hər hansı bir yanğının (onun istər başlanğıcı istərsə də inkişafı dövründə) nəticəsində hava xəttinin məftilləri ilə yer arasındakı hava izoliyasiyasının elektrik möhkəmliyini kəskin dərəcədə azalır. Havanın temperaturunu və yanğın nəticəsində əmələ gəlmiş tüstünün tərkibini nəzərə alsaq, ərazidən keçən xəttin izoliyasiyasının elektrik möhkəmliyinin tədricən aşağı düşməsi, məftillə yer arasında qısaqapanmaya gətirib çıxarır. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəticəsində əsas güc ötürücü xətlərinin dövrəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlükə yaradır.
Yüksək gərginlikli hava elektrik veriliş xətlərinin altında törədilmiş yanğın nəticəsində sistemin dayanıqlığının qorunub saxlanılması üçün "Azərenerji" ASC tərəfindən lazımi tədbirlər görülür.
Mənbə:> Trend