İş adamı Vasif Tağıyevin Türkiyədə milyonlarla dolları necə batdı
Türkiyənin Kocaeli vilayətində azərbaycanlı iş adamı Vasif Tağıyevlə türkiyəli ortağının başlatdığı otel və yaşayış kompleksinin tikintisi illərdir yarımçıq qalıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 162 mənzilli “Time Tower Residence” yaşayış kompleksini və “Titanik Hotel”in tikintisini sahibləri əvvəllər Türkiyə vətəndaşları olan “Ener Yapı” adlı şirkət 2014-cü ildə başladıb.
Sonradan şirkəti Vasif Tağıyev Sefa Sirmen adlı türk iş adamı ilə birlikdə alıb. Bu şirkət habelə Kocaelinin Yuvacıq Paşadağ səmtində “Enver Liva Evleri” adlı villalar kompleksinin tikintisinə başlayıb. Layihədə Vasif Tağıyevin maraqlarını Ziya Akçay adlı Türkiyə vətəndaşı təmsil edib.
Vasif Tağıyev özü isə Türkiyə mətbuatının yazdığı kimi iri iş adamıdır və bir çox xarici ölkələrdə tikinti layihələri həyata keçirir. Bu üzdən Türkiyədə çoz az olub və ortağı olduğu layihədə işləri Ziya Akçaya həvalə edib. Lakin çox keçmədən problemlər başlayıb. Məlumatlara görə Vasif Tağıyev Ziya Akçayla dalaşıb, habelə Azərbaycanda başlayan devalvasiya üzündən onun maliyyə çətinlikləri başlayıb və azərbaycanlı iş adamı bir neçə milyon dollar zərər edərək layihədən imtina edib.
Türkiyə mətbuatı yazır ki, Ziya Akçayı Vasif Tağıyev tələbəlik vaxtından tanıyıb, onun Azərbaycanda təhsil almasını maliyyələşdirib. Evində qonaq edib. Lakin 2009-cu ildən başladılmış bir cinayət işinə görə 2016-cı ildə həbs edilib. Ona qarşı mütəşəkkil cinayətkar dəstənin üzvü olmaq, reketçilik kimi ittihamlar irəli sürülüb. Amma Ziya Akçay 4 ay həbsdə saxlanıldıqdan sonra barəsindəki ittihamları təsdiqləyən yetərli sübutlar olmadığından azadlığa buraxılıb.
Ziya Akçayın həbsi ilə yanaşı layihədə böyük maliyyə itkiləri də üzə çıxıb. Şirkətin 40 milyon lirəyə yaxın pulu “itib”, nəticədə tikinti materiallarına görə 10-11, banklara 17 milyon TL borcu yaranıb. Bildirilir ki, Vasif Tağıyevin ortağı Sefa Sirmen “borclarım var” deyərək ondan 2 milyon dollar istəyib. Azərbaycanlı iş adamı həmin pulu göndərib, amma şirkətin borclarına görə bank pulu dərhal bloklayıb.
2017-ci il yanvarın 29-da Vasif Tağıyev “Ener Yapı” şirkətinin bütün hissələrini Çağrı Alpgönen adlı birinə verib, şirkətin icraçı direktoru vəzifəsinə onu təyin edib. Həmin ilin fevralında isə Çağrı Alpgönen “Ener Yapı”nı həbsdən çıxan Ziya Akçana təhvil verib. Akçan yenidən şirkətdə müdir olub. Ancaq may ayında Akçan şirkəti istanbullu podratçı İbrahim Kutay Tekcana verib. Müdir də Tekcan özü olub. İyun ayında isə Tekcan “Ener Yapı”nı izmitli Hasan Ömer Turana satıb. Bu dəfə Turan müdir olub.
Bu ötür-ötür oyunu davam etsə də tikinti işləri yarmıçıq qalıb, Vasif Tağıyevin isə layihəni buraxıb qaçdığı haqda xəbərlər yayılıb. İndi isə Ziya Akçay “En Kocaeli” adlı yerli xəbər saytına müraciət edib və qalmaqallı layihə ilə bağlı baş verənləri danışıb. Deyib ki, Vasif Tağıyevi 25 ildir tanıyır, dostudur.
“Vasif bəy 2012-ci ildə məni Bolqarıstana dəvət etdi. Gedə bilmədim. Sonra özü gəldi. Kocaelidə hazırda “Özgür Kocaeli Xəstəxanası” yerləşən ərazini aldıq. Sonra bizə Sefa Sirmenin layihəsini təklif etdilər. Onunla 50/50 nisbətində ortaq olub şirkəti aldıq. İşlər yaxşı gedirdi. Amma Sefa Sirmenin uşaqlarından qaynaqlanan problemlərə görə layihədə əngəllər yarandı. Sonra “mən layihəyə zərər verirəm, hissələrimi satmaq istəyirəm” deyib qapımızı çaldı. “İstəyirsən biz hissələrimizi sənə sataq” dedik. Amma “məndə pul yoxdur” dedi. Açığı məcbur qalıb 2016-cı ilin fevralında onun hissələrini də biz aldıq. İşlərə başladıq, borcların bir qismini ödədik. Amma çox keçmədən Azərbaycanda devalvasiya oldu, Vasif bəy sıxıntılar yaşamağa başladı”-Akçay danışıb.
Indi Akçay yenidən layihəni davam etdirməyə hazırlaşdıqlarını deyir. Bildirib ki, “Ener Yapı” şirkətinin səhmlərinin hamısı hazırda onun əlindədir və banklarla danışıqlar aparıb tikintini bərpa etmək istəyir. Tanınmış iş adamı olan Sefa Sirmenə inanıb həmin yaşayış kompleksindən ev almaq üçün pul verənlər isə dəfələrlə əldən-ələ keçən layihənin "diriləcəyinə" inanmır...
Mənbə:> Virtualaz.org