İlham Əliyev “Bakı Metropoliteni” ilə bağlı ciddi tapşırıq verib
Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsini qaldırıb və qısa müddət ərzində bununla bağlı təkliflərin hazırlanmasını ciddi tapşırıq kimi müəyyən edib.
Bizimyol.info metropolitenin verdiyi məlumata əsasən xəbər verir ki, bununla əlaqədar “Bakı Metropoliteni” QSC-də müvafiq işlərə başlanılıb. Təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəsinə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il il mart ayının 18-də imzaladığı Sərəncamla təsdiq etdiyi Bakı metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastruktrunun tələb olunan minmal enerji təminatını ödəyəcək.
Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq.
Sovet dövründə fövqəladə hal, xüsusən də elektrik enerjisinin verilişi kəsildiyi halda, qatarların tunellərdən çıxarılması məqsədilə metropolitenin ehtiyat enerji mənbəyi ilə təmin edilməsi nəzərdə tutulmamışdı. Stansiya və tunellərin qəza işıqlandırılması, həmçinin dispetçer strukturlarının işinin təşkili Bakı metropoliteni yarımstansiyalarında quraşdırılmış akkumulyatorlar vasitəsilə təmin edilir. Lakin xüsusi hallarda metropolitenin ehtiyat elektrik təchizatı mənbəsi ilə təmin edilməsi, dövlət rəhbərinin qeyd etdiyi kimi, mühüm, həm də xüsusi yanaşma tələb edən geniş məsələdir.
Onu qeyd etmək kifayətdir ki, metropolitenin elektrotexniki avadanlıq və qurğuları müxtəlif gücə malik 220 transformatorla təmin edilir və bu da aylıq 12 milyon kV/saat təşkil edir.
Əlbəttə, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dövrdə həlli mümkün olmayan məsələ yoxdur. Məsələnin bir neçə həll istiqaməti var. Ölkənin və paytaxtın elektrik enerjisi ilə təchizatı sistemi ilə bağlı dövlət siyasətini həyata keçirən bu sənaye sahəsini aparıcı qurumlarla sıx əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və müzakirələr şəraitində qarşıya qoyulmuş vəzifələrin həlli ilə bağlı təkliflər hazırlanacaq.
Artıq “Bakı Metropoliteni” QSC-də bununla əlaqədar mühüm işlərin görülməsinə, bütün ehtiyacları nəzərə alan təkliflərin müzakirəyə çıxarılması istiqamətində işlərə başlanılıb.
Mənbə:> Bizimyol.info