Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Təhsil

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma ÖZBAŞINALIQ BELƏ BAŞLADI

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma

...Hikkəli qadın balaca qızcığazın qolundan tutub silkələyir, üstünə qışqırır, bununla da ürəyi soyumayıb onu bir neçə dəfə divara çırpır.

Bir neçə həftə əvvəl Bakının özəl uşaq bağçalarından birində videomüşahidə kameraları tərəfindən çəkilmiş bu görüntülər sosial şəbəkələrdə yayıldı və ictimaiyyəti silkələdi. Hüquq-mühafizə orqanları görüntülərin geniş ictimai rezonansa və hiddətə səbəb olduğunu görüb həmin tərbiyəçi barədə kifayət qədər ağır ittihamla (əzabvermə) cinayət işi qaldırdı, hikkəli tərbiyəçi həbs olundu.

Bu əlbətdə ki, Azərbaycanda son illər sayları yağışdan sonra göbələk kimi artan özəl uşaq bağçalarında azyaşlılara qarşı yol verilmiş yeganə zorakılıq, döyülmə faktı deyil. Eləcə də belə halların dövlət uşaq bağçalarında da baş verdiyi şəksizdir. Lakin məsələ bundadır ki, yerli icra hakimiyyətlərinin tabeçiliyinə verilmiş dövlət uşaq bağçalarında təlim-tərbiyə işinin necə qurulmasına nəzəri də olsa nəzarət mexanizmi var. İcra hakimiyyətləri bu bağçalara nəzarət edir və orada baş verənlərə görə əlbətdə ki, cavabdeh orqanlardır. Hərçənd dövlət uşaq bağçalarının da Təhsil Nazirliyinin tərkibindən çıxarılıb yerli icra hakimiyyəti orqanlarına verilməsinin nə dərəcədə effektiv olduğu ayrı müzakirə mövzusu ola bilər.

Amma özəl uşaq bağçalarında tərbiyə və azyaşlılarla işin necə qurulmasına kim nəzarət edir? Əgər tərbiyəçinin azyaşlı qızcığazı öz metodları ilə tənbeh etməsi faktı bu cür ictimailəşməsə özəl uşaq bağçalarında baş verənlərə, ümumiyyətlə orada tətbiq edilən tərbiyə metodikasına, kadrların seçilməsinə və digər məsələlərə görə kim məsuliyyət daşıyır?

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


Belə görünür ki, indiki halda heç kim. Bu sahə faktiki olaraq nəzarətsizdir və məktəbəqədər təhsildə ölkənin ümumi təhsil konsepsiyasının fundamentinə zərbə vuran xaotik vəziyyətin hökm sürdüyünü demək olar. Çünki özəl uşaq bağçalarına nəzarət funksiyası ancaq hansısa fakt ictimailəşəndə, yaxud vətəndaşlar tərəfindən konkret şikayət, müraciət ediləndə işə düşür. Bu isə effektiv və yetərli nəzarət mexanizmi sayıla bilməz.

Məlumdur ki, Azərbaycanda biznesin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinə maneələrin aradan qaldırılmasına yönəlmiş islahatlar çərçivəsində iki il əvvəl bütün lisenziyaların və icazələrin verilməsi üçün “Vahid Pəncərə” prinsipi tətbiq edildi. Bir sıra fəaliyyət növləri üçün lisenziyalar ümumiyyətlə ləğv olundu, özəl uşaq bağçalarının açılması da daxil olmaqla xüsusi icazə-lisenziya tələb edən digər kommersiya fəaliyyət növləri üçün icazələrin verilməsi isə İqtisadiyyat Nazirliyinə həvalə edildi.

Başqa sözlə, Azərbaycanda özəl uşaq bağçası açmaq istəyənlər icazə, yaxud xüsusi lisenziya almaq üçün İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Cəmi 1250 manat ödəməklə bu lisenziyanı almaq olar və digər fəaliyyət növləri üçün lisenziyaların verilməsi asanlaşdırıldığı üçün bağça açmaq üçün lisenziyanın da verilməsində xüsusi bürokratik maneələr yoxdur. Ölkədə təhsilə və tədrisə, o cümlədən məktəbəqədər tədrisə cavabdeh olan orqan-Təhsil Nazirliyinin rolu isə bu prosesdə minimallaşdırılıb. Nazirlik özəl uşaq bağçaları üçün müraciətlərə rəy verir və İqtisadiyyat Nazirliyi formal olaraq bu rəyi nəzərə almalıdır. Amma lisenziya verilməsi üçün Təhsil Nazirliyinin rəyinin nə dərəcədə həlledici olduğu məlum deyil.

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


Digər tərəfdən belə məlum olur ki, biznesdə liberallaşmanın nəticəsi olaraq ümumiyyətlə lisenziya almadan da özəl uşaq bağçaları açmaq və işlətmək mümkün imiş. Bunun üçün hansısa MMC təsis edilir, müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınır və hansısa tikili icarəyə götürülür, vəssalam. Bu zaman da Təhsil Nazirliyi özəl uşaq bağçası işlədən MMC-nin fəaliyyətinə müdaxilə edə bilmir, çünki bu biznesə müdaxilə kimi qəbul ediləcək və uzaqbaşı müdaxilə formal, tövsiyə xarakteri daşıyacaq.

Hazırda ölkədə 94 özəl uşaq bağçası fəaliyyət göstərir, onların yalnız 20-25-i lisenziya alıb. 2015-2016-cı tədris ilində cəmi 2 özəl uşaq bağçasına lisenziya verilib. 2014-2015-ci tədris ilində isə 17 bağçanın fəaliyyəti lisenziyalaşdırılıb.Yeri gəlmişkən tərbiyəçinin balaca qızcığazı döydüyü həmin uşaq bağçasının da xüsusi lisenziya olmadan fəaliyyət göstərdiyi üzə çıxmışdı.

Azyaşlılara qarşı qəddar rəftar bir yana qalsın, özəl uşaq bağçalarında məktəbəədər tərbiyənin hansı metodika əsasında qurulması da belə görünür ki, tamamilə liberallaşıb. Və bu təhsil xaosuna xidmət etmirmi?

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü virtualaz.org-a açıqlamasında deyir ki, həqiqətən son illər özəl uşaq bağçalarının sayının artması ilə yanaşı bu müəssisələrdə azyaşlılarla rəftar barədə şikayətlər də artır. Çünki özəl uşaq bağçalarında bir çox hallarda məktəbəqədər təlim-tərbiyə işindən uzaq olan, bu sahə üzrə ixtisaslaşmamış adamlar tərbiyəçi qismində işə götürülür.

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


“Bağçalara kadr seçimində müstəqillik verilib. Amma bu düzgün deyil, kadrların seçilməsi ümumi təhsil sisteminin xüsusiyyətləri, məktəbəqədər təlim-tərbiyə metodikası nəzərə alınmaqla seçilməlidir. Hər bağçada idarəetmə şurası, şura sədri olmalıdır, onlar bağçanın fəaliyyətinə nəzarət etməlidirlər” -Mürşüdlü deyir.

M.Mürşüdlü bildirir ki, istənilən özəl təlim-tərbiyə, təhsil müəssisəsi ancaq Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmalıdır. Və digər biznes sahələrindən fərqli olaraq bu sahədə ciddi dövlət nəzarəti olmalıdır. Çünki məktəbəqədər təlim-tərbiyə, azyaşlılarla iş digər kommersiya fəaliyyət sahələrindən kökündən fərqlidir.

“Niyə özəl litseylərdə belə hadisələr baş vermir? Çünk həmin litseylər Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılır, nazirlik də onların fəaliyyətini nəzarətdə saxlayır.Özəl uşaq bağçalarında da ictimai və dövlət nəzarəti olmalıdır”-Mürşüdlü deyir.

Təhsil eksperti Etibar Əliyev də hesab edir ki, özəl təhsil müəssisələrinin lisenziyalaşdırılması tez bir zamanda Təhsil Nazirliyinə həvalə edilməlidir. Çünki uşaq bağçalarına nəzarətin nazirlikdən alınması əvvəldən yanlış qərar olub və təhsil sistemini parçalayıb.

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


“Hazırda özəl təhsil müəssisələrinin yeganə funksiyası pul qazanmaqdır, uşaqların məktəbə hazırlığı ikinci plana keçib. “Məktəbəqədər təhsil haqqında” qanun hazırlanarkən özəl təhsil müəssisələri ilə bağlı məsələ boşluqda qalıb. Halbuki uşaq bağçası təhsilin birinci pilləsidir. Azərbaycandakı özəl bağçalarda olduğu kimi dünyanın heç bir ölkəsində 3 yaşlı uşaq xarici dildə tədris almır, əcaib proqramlarla yüklənmir. Bu, ölkənin təhsil konsepsiyasına ziddir. Mən hələ bu bağçaların cəlb etdikləri kadrların məktəbəqədər təhsil-tərbiyə işindən nə dərəcədə uzaq olduqları barədə danışmıram”-Etibar Əliyev deyir.

Ümumiyyətlə araşdırmalar bunu göstərir ki, Azərbaycan deyəsən keçmiş sovet respublikaları arasında və regionda özəl uşaq bağçalarının fəaliyyətinin lisenziyalaşdırılmasını Təhsil Nazirliyinə həvalə etməyən yeganə ölkədir.

Məsələn, Rusiyada özəl uşaq bağçalarının açılması üçün lisenziyanı həmin bağçanın yerləşəcəyi şəhərin təhsil departamenti verilməlidir. Lisenziya üçün müraciət etməzdən əvvəl isə uşaq bağçasının fəaliyyət göstərəcəyi binanın sanitar-gigeyenik şəraitinə, yanğın təhlükəsizliyinə və s. müvafiq dövlət orqanları tərəfindən rəy verilməlidir.

Ukraynada da özəl uşaq bağçaları üçün lisenziyaları Təhsil Nazirliyinin yerli strukturları -Kiyev şəhər dövlət administrasiyasının və vilayət administrasiyalarının təhsil departamentləri verir.

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


Qazaxıstanda isə beş il əvvəl bu sahədə liberallaşmaya gediblər-özəl uşaq bağçalarının məcburi lisenziyalaşdırılmasını ləğv ediblər. Bu liberallaşmaya gedərkən ölkədə dövlət uşaq bağçalarında yerlərin kəskin qıtlığı nəzərə alınıb və özəl biznesin bu sahəyə yatırım qoymasını stimullaşdırmaq qərara alınıb. Nəticədə özəl uşaq bağçaları yağışdan sonra göbələk kimi artıb. Və keyfiyyət kəskin aşağı düşüb, qiymətlər isə Azərbaycanda olduğu kimi astronomik hədlərə çatıb.

Belə vəziyyət Qazaxıstanın təhsil ictimaiyyətini narahat etməyə başlayıb və qərara alınıb ki, məktəbəqədər təhsil müəssisələrinin açılması üçün lisenziyaların verilməsini yenidən Təhsil Nazirliyinə həvalə etsinlər. Qazaxıstan parlamentində aparılan müzakirələr zamanı hökumət üzvləri və deputatlar özəl bağçaların fəaliyyətinin liberallaşdırılması nəticəsində belə müəssisələrə nəzarət mexanizminin olmamasından, nəticədə məktəbəqədər təhsildə ciddi deformasiyaların yaranmasından ciddi narahatlıq ifadə ediblər. Gözlənilir ki, gələn ildən bu sahəyə nəzarət yenidən Təhsil Nazirliyinə veriləcək.

Azərbaycanda təhsilin özülünü laxladan xaos barədə araşdırma


Qonşu Türkiyədə də uşaq bağçaları və istənilən özəl tədris kursları üçün lisezniya məcburidir. Lisenziyalaşdıran orqan isə Təhsil Nazirliyidir. Və xarici ölkə vətəndaşlarının Türkiyədə özəl uşaq bağçası açması praktiki olaraq mümkün deyil. (Hansı ki, Azərbaycanda buna da hər hansı məhdudiyyət yoxdur)

Azərbaycanda azyaşlıların məktəbəqədər təhsilə cəlb edilməsi səviyyəsini artırmaq üçün özəl uşaq bağçalarının sayının artırılması əlbətdə gərəklidir. Çünki bir tərəfdən dövlət uşaq bağçalarında yerlərin sayı əhali artımın səviyyəsi ilə uyğun deyil, digər tərəfdən özəl müəssisələrin fəaliyyəti rəqabət və tədrisin keyfiyyətinin artırılması üçün stimul yaradır. Amma uşaq bağçası açmaqla restoran, kafe, hansısa başqa kommersiya obyekti açmaq eyni deyil. Bu elə biznes sahəsidir ki, ondan uşaqların gələcəyi, insan kimi formalaşması və təlim-tərbiyəsi asılıdır. Deməli ölkənin təhsil konsepsiyasının həyata keçirilməsinə cavabdeh olan orqan-Təhsil Nazirliyi təhsilin fundamentini təşkil edən məktəbəqədər təhsilə görə də birbaşa, tam ölçüdə məsuliyyət daşımalıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *