Ermənistan sərhədini Abxaziya “pasportu” ilə keçdi, QHT-lər etiraza qalxdı
Ermənistanın bir qrup qeyri-hökumət təşkilatı Abxaziya sakini olan qadının bu günlərdə abxaz “pasportu” ilə Ermənistan sərhədini keçməsinə etiraz bildirib. Virtualaz.org xəbər verir ki, QHT-lərin etiraz bəyanatı iyunun 1-də “Aravot” qəzetinin saytında yerləşdirilib. Bu haqda “Exo Kavkaza” (“Azadlıq” radiosunun xüsusi layihəsi) yazır.
İlk dəfədir ki, qondarma “respublikalardan” birinin “vətəndaşı” Ermənistana “öz ölkəsinin pasportu” ilə keçir və QHT-lər buna “Qondarma Abxaziya respublikasının verdiyi heç bir sənəd Ermənistan Respublikasında pasport hesab edilə bilməz” başlıqlı byanatla etiraz ediblər.
Ermənistan hakimiyyətinin Abxaziya sakinini “abxaz pasportu” ilə ölkəyə buraxmaqla nə demək istədiyi məlum deyil. Həm də bu baş nazir Nikol Paşinyanın ilk rəsmi səfərini Gürcüstana etdiyi bir vaxtda baş verir. Hələlik rəsmi Tblisinin də bu məsələyə münasibəti eşidilməyib. Amma Abxaziya QHT-ləri Ermənistan QHT-lərinin həmin bəyanatını pisləyiblər. Onlar bildirirlər ki, həmin bəyanatı Ermənistan QHT-lərinin hamısının bölüşmədiyinə inanırlar.
“Eyni məntiqlə gözləmək olarmı ki, həmin QHT-lər növbəti addım kimi Dağlıq Qarabağ sakinlərinin Ermənistan sərhədini Azərbaycan pasportu ilə keçməsini tələb etsinlər?”-abxaz QHT-lərinin etirazında bildirilir.
Xatırladaq ki, bu günlərdə Suriya rejimi Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyini" tanıyıb. İndiyədək bu qondarma "respublikaları" Rusiya, Nikaraqua, Nauru respublikası və Venesuela tanımışdı.
Mənbə:> Virtualaz.org