Qarabağ cəbhəsində Bakının önü açılır!
Rusiyanın “5-ci kolon”u yığışdırılır – ermənilər təlaşda; Yeni baş nazirin ordu rəhbərliyindəki son kadr təyinatı Kremlin qəzəbini daşıra bilər; Paşinyan Putinə “əlcək” atır? “Moskvanın cavabı gecikməyəcək, tezliklə Qarabağ cəbhəsində Bakının önü açılacaq” – erməni nəşrindən SOS
Ermənistanda 8 may hakimiyyət çevrilişindən sonra vəziyyət qeyri-müəyyən olaraq qalır. Bunun əsas səbəbi köhnə komandanın – “Qarabağ klanı”nın bir sıra dövlət strukturlarının müxtəlif pillələrində hələ də öz mövqeyini saxlaması, parlament çoxluğunun sabiq prezident Serj Sərkisyan partiyasında qalmasıdır. Yen baş nazir Nikol Paşinyan hələlik yalnız kadr təyinatları ilə situasiyanı öz xeyrinə dəyişib xalqa vəd elədiyi islahatları həyata keçirmək, növbədənkənar, azad və ədalətli seçkilər keçirmək niyyətindədir.
Onun yüksək vəzifələrə təyin elədiyi kadrlar isə əsasən Amerika və ya Qərbyönlü şəxslərdir. Bunlar – xarici işlər, müdafiə, iqtisadi inkişaf, mədəniyyət, kənd təsərrüfatı nazirləri, habelə Təhlükəsizlik Şurasının katibidir. Bütün bunların ardınca srağagün Paşinyanın israrlı təkidi ilə Baş Qərargah rəisi Movses Akopyan vəzifəsindən qovulub. Prezident Armen Sərkisyanın sərəncamı ilə onun yerinə Müdafiə Nazirliyinin idarə rəisi Artak Davtyanı təyin edilib.
*****
“Yeni Müsavat” xatırladır ki, Xocalı hərbi canilərindən olan Movses Akopyan (Xankəndindəki 366-cı alayın komandirlərindən olub) qarabağlıdır və Serj Sərkisyana yaxın adamlardandır. Təsadüfi deyil ki, məhz Sərkisyanın prezidentliyi dövründə o, separatçı rejimin “müdafiə naziri” vəzifəsindən Ermənistanın Baş Qərargah rəisi postuna gətirilmişdi. Ən əsası, Rusiyada hərbi təhsil alan Akopyan Moskvaya sadiq və bağlı bir adam, Rusiya “5-ci kolon”unun Ermənistan Müdafiə Nazirliyi sistemindəki ən etibarlı şəxsi və təsir agenti sayılırdı.
Yəni qənaət hasil olur ki, qərbyönlü baş nazir Nikol Paşinyan və qərbmeylli prezident Armen Sərkisyan birləşib həm də Rusiyanın Ermənistandakı təsir agentlərini, “5-ci kolonu”nu sıradan çıxarmaqla məşğuldur. Bu isə Kremlin ayağını tapdamaq, daha dəqiqi, ona əlcək atmaq, meydan oxumaq kimi bir şeydir və cavabı yəqin ki, olacaq.
Artıq bu xüsusda yerli erməni KİV-ləri həyəcan təbili çalmağa başlayıb.
*****
“Məsələ ondadır ki, Ermənistanda heç kimə sirr deyil ki, burada Rusiyanın maraqlarına xidmət edən nüfuzlu və çoxsaylı ”5-ci kolon” fəaliyyət göstərir. Son illər Moskva sanki erməni cəmiyyətində anti-Rusiya ovqatının güclənəcəyini hiss edərək, ikiqat güclə öz agentlərini bütün dövlət strukturlarında, ilk növbədə də Müdafiə Nazirliyində, KİV-lərdə yerləşdirib ki, geniş əhali təbəqələrinə təsirini artırsın”.
“Yeni Müsavat” xəbər verir ki, bu barədə qərbyönlü erməni portallarından sayılan armenianreport.com-dakı məqalədə deyilir.
Məqalədə ardınca bildirilir: “Movses Akopyan Rusiyanın Ermənistan hərbi dairələrindəki ”5-ci kolon”un nüfuzlu üzvlərindəndir. Hətta demək olar ki, dünənədək o, Baş Qərargahdan Yuru Xaçaturovun, Aytaz Baqmanyanın və Tiqran Parvanyanın uzaqlaşdırılmasından sonra orada rusların axırıncı iri əlaltısı idi. Yeri gəlmişkən, adı çəkilən hər üç şəxsi Moskva özünün kurasiyasında olan hərbi-siyasi təşkilatlarda isti yerlərə düzəldib (Xaçaturov hazırda KTMT-nin baş katibidir – YM). Yəni Kreml bununla göstərib ki, özünün “5-c kolonu”nu hətta onlar postlarından məhrum olandan sonra da atmır. Akopyan isə görünür suda batmaz imiş ki, hələ də vəzifədə qalırmış. Axı, kim Moskvanın kadrını qovmağa cürət edər? Ancaq budur, Paşinyan elan edir ki, Movses Akopyan tutduğu vəzifədən azad olunub”.
Nəşr bu qərarın Paşinyanın Soçidə Putinlə görüşündən sonra verilməsinə xüsusi diqqət çəkir: “Baş nazirin bu hay-küylü qərarı onun Soçidə hamımızın gördüyü kimi, Putinə necə yaltaqlanmasından, Ermənistanın KTMT və Avrasiya Birliyində qalacağı ilə bağlı verdiyi vədlərdən sonraya təsadüf eləməsi xüsusilə gözlənilməzdir. Ancaq görünür, baş nazirin əhatəsindəkilər başa düşüblər ki, Akopyanın Baş Qərargah rəisi vəzifəsində saxlanması yeni hakimiyyət üçün olduqca təhlükəlidir və o, Ermənistanın NATO ilə yaxınlaşmasına yönəlik istənilən cəhdinə zərbə vuracaq. Odur ki, riskə gedib onu bu vəzifədən götürdülər”.
Məqalədə bundan sonra Rusiyanın Paşinyan hökumətinə qarşı mümkün davranışından bəhs edilir: “Əlbəttə ki, Moskva Paşinyanın ”onun əsas adamını” strateji əhəmiyyətli Baş Qərargahdan qovulmasına görə qəzəbli olacaq. Nədən ki, “ordunun beyni” üzərində nəzarət Ermənistanın bütün silahlı qüvvələrinə nəzarət imkanı verir. O da aydındır ki, Rusiya erməni hökumətinin bu kadr dəyişikliyini cavabsız qoymayacaq”.
Yazıda Kremlin mümkün kontur-cavabı kimi Moskvanın Qarabağ cəbhəsində Bakının önünü aça biləcəyinə işarə edilir. “Artıq yaxın günlərdəcə Bakı ilə Moskva arasında növbəti “bal ayı”nı gözləmək olar – hətta Azərbaycan hücuma sövq edilə bilər”, – deyə məqalədə təlaşla qeyd olunur.
*****
Şərhdən də göründüyü kimi, Paşinyanın baş nazirliyi Ermənistana təkcə mifik daxili islahat deyil, eyni zamanda Rusiya ilə münasibətlərdə kritik həddə çata biləcək gərginlik, hətta qırılma nöqtəsi vəd edir. Müşahidələr göstərir ki, bu minvalla həmin qırılma nöqtəsi uzaqda olmayacaq. Çünki gec-tez Nikol Paşinyan “ya göründüyü kimi olmaq, ya da olduğu kimi görünmək” zorunda qalacaq…
Mənbə:> Turkustan.info