Rusiyanı etiraz aksiyaları bürüdü: Moskvada 300 etirazçı saxlanıldı – YENİLƏNİB
Moskva polisi Rusiya paytaxtının Puşkin meydanında razılaşdırılmamış mitinq iştirakçılarından 300 nəfərin saxlanılması barədə məlumat yayıb.
Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, saxlanılanlar polis şöbələrinə çatdırılıblar.
“Saxlanılanların barəsində qanunla müəyyən olunmuş şəkildə məsuliyyətə cəlb olunma məsələsi həll olunur”, - polis təmsilçisi bildirib.
* * *17:06
Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində icazəsiz keçirilən etiraz aksiyasında polis Aleksey Navalnını saxlayıb. Bu barədə Qazeta.ru xəbər verir.
Saat 15:00-da Moskvada Puşkin meydanında razılaşdırılmamış aksiya başlayıb. A.Navalnı da aksiyaya qatılıb, ancaq tezliklə polis tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanları əməkdaşları meqafonlar vasitəsilə aksiyanın qeyri-qanuni olduğuna dair xəbərdarlıq edir və toplaşanların dağılışmasını tələb edirlər. Polisin bir neçə nəfəri saxladığı da bildirilir.
Qeyd edək ki, bu gün Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları tərəfindən icazəsiz mitinqlər keçirilir.
Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin dövlət başçısı kimi təntənəli andiçmə mərasimi olacaq.
Mənbə:> Virtualaz.org