Azərbaycanda iki dost nazir həbs olunur - Ortada milyardlarla dollar yeyilib
Kimin əvvəli, kimin axırı deyiblər. Nazir kreslosu ilə vidalaşan Səlim Müslümov və Heydər Əsədovun timsalında bu deyim ibrətamiz görünür. Xüsusilə bu iki sözsüz ki, istedadlı və savadlı iqtisadçının gənclik illərinə nəzər salanda, onların haradan haraya gəldiyi və indi də haralara gedəcəyi barədə düşünməmək olmur.
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yaxın dostlar Müslümovla Əsədov bizim də həmin illərdə təhsil aldığımız indiki İqtisad Universitetində dərs deyirdilər. O vaxt indikindən çox-çox fərqli xüsusiyyətlərə malik Azərbaycan gəncliyi xalqımızın milli-azadlıq hərəkatında fəal iştirak edir, böyük ideyaların ardınca, özü də öndə gedirdi. Müslümovla Əsədovun institutdakı müəllimlik dövrü də həmin illərə təsadüf edir. Və desək, inanmayacaqsınız ki, bu iki gənc müəllim(Heydər Əsədov 26, Səlim Müslümov isə 28 yaşından ali məktəbdə dərs deyiblər-red.)“Narxoz” kimi tanınan institutun 3-5 nəfər dürüst, rüşvət almayan və tələbələrin böyük əksəriyyətinin sonsuz hörmət bəslədiyi təvazökar müəllimlərindən idilər. Hətta S.Müslümov uzun müddət institutun Dərnəgüldə yerləşən 9 mərtəbəli yataqxanasında, bizim kimi kasıb-kusub tələbələrin əhatəsində yaşadı. Bu müəllimlərin savadına, öyrətmək həvəsi və qabiliyyətinə söz ola bilməzdi.
Təsəvvür edin ki, hələ həmin gənc yaşlarında Müslümovla Əsədov hətta iqtisadi bloka aid qanunların hazırlanmasında birbaşa iştirak edirdilər. Belə müəllimlərin timsalında gələcəyə ümidlə baxmaq olurdu, inanırdıq ki, xalqımızın gələcəyi elmli, azad, eləcə də rüşvət və digər pisliklərdən uzaq insanların əlində olacaq…
Ancaq türklər demişkən, “maalesef”… Çox keçmədi ki, bu ümid verən gənc alimlər “qurban”a çevrildilər. Deyəcəksiniz ki, kaş biz də belə “qurbanlar”dan olaydıq – onların pulları, mülkləri, var-dövlətləri və sair var. Ancaq bilsəniz ki, onlar bu maddiyyatın qarşılığında nələrdən məhrum olublar, həsəd aparmazsınız! Biz tələbələrin az qala etalon hesab etdiyimiz, yaşlı müəllimlərin isə həsəd apardığı bu iki istedadlı və işıqlı, ən əsası isə azad ruhlu gənc alimlərin biri bugün pensiya yaşına çatan ahıl insanlarımızın qarğış və söyüş mənbəyinə, digəri isə fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin korrupsiya ittihamları və lağ-lağı hədəfinə çevrilib.
Bir “malades” qazanmaq üçün onsuz da ehtiyac içində olan yaşlı insanları ahıl yaşlarında bir tikə çörəyə möhtac qoyan pensiya qanunu hazırlamağa nə ehtiyac vardı? Yaxud torpaqdan başqa qazanc mənbəyi olmayan kəndlini, fermeri “şapka” adlı “iynəyə” otuzdurmağı müasir dünya görüşünə malik bir alim özünə necə yaraşdıra bilərdi?
Bu gün onların vəzifəsiz qalmasına sevinənlərin və hətta həbsini, əllərindəki var-dövlətin alınmasını tələb edənlərin sayı, bir vaxtlar bu alimlərə ümidlə baxan tələbələrinin sayını min dəfələrlə üstələyir. İndi bilmək olmaz ki, böyük ehtimalla səksəkə içində yaşayan Səlim müəllim, Dərnəgüldəki yataqxanada daha azad, firavan və işıqlı həyat yaşayırdı, yoxsa bugün barəsində az qala rəvayətlər gəzən çoxmərtəbəli villasında, yaxud villalarında…
Bu iki alimin hazırkı taleyi savadlı, təmənnasız və millətin gələcəyində əhəmiyyətli rol almalı olan elm adamlarının cəmiyyətin, sistemin və tamahın qurbanına çevrilərək, zay edilməsinin nümunəsidir. Ancaq ortada başqa nümunə də var – professor Saleh Məmmədov.
O Saleh Məmmədov ki, 1992-1993-cü illərdə maliyyə naziri işləmiş, maliyyə üzrə Azərbaycanın birinci elmlər doktoru, keçmiş SSRİ-də isə ən gənc maliyyə doktoru olmuşdu. Onu xatırlatmağımız təsadüfi deyil, çünki S.Məmmədov o vaxt maliyyə naziri olaraq, Müslümov və Əsədovun karyerasının ilk illərində onların irəli çəkilməsində müstəsna rol oynamışdı. Ancaq S.Məmmədov fərqli yol seçdi, çirkaba batmadı, onunla “işləyə” bilmədilər, “işləmədi”, Müslümovla Əsədov isə “işlədilər” və “işlədildilər…”.
Professor həyatını daha çox elmə həsr etdi, böyük varidata, villalara və s. malik olmasa da, təmiz adı, reputasiyası var, hətta sosial şəbəkələrdə maliyyədən, iqtisadiyatdan tutmuş, dinə qədər – istədiyi mövzuda azad şəkildə fikrini deyə bilir və səksəkə içində yaşamır…
Əlbəttə ki, bugün Səlimovla Müslümovun nazir postunu itirməsinə təəssüflənməyə dəyməz, ancaq Azərbaycanın iqtisad elminin hələ illər öncə iki istedadlı alimini itirdiyinə təəssüf etməmək olmur.
Mənbə:> hurriyyet.org