Mikayıl Cabbarov nazirliyi köhnə qaydada işlədir... RÜŞVƏT ÖZ YERİNDƏ,RÜŞVƏTXOR VƏZİFƏ BAŞINDA...
“Ölkə başçısının iş adamlarına yaratdığı şərait göz önündədir. Bunu danmaq olmaz. Amma bəzi dövlət qurumları, nazirliklər var ki, onlar Prezidentin gördüyü işlərə kölgə salmaqla məşğuldur.Üzərlərinə düşən vəzifəni icra etməkdənsə, bütün bacarıq və istedadlarını yönəldiblər şəxsi maraqlarının təmin olunmasına”.
Bu sözlər bir qrup iş adamının Müstəqil.Az-ın elektron poçtuna ünvanlanan məktubunda deyilir.
Prezidentin barışmaz mövqeyi
Məktubda sonra vurğulanır ki, Prezident bütün vaxtlar belə insanlara qarşı özünün barışmaz mövqeyini ortaya qoyub, onlara qarşı amansız olub. Ölkədə qeyri-neft sektorunun, kənd təsərrüfatı və aqrar sahənin inkişafına milyonlarla vəsait ayrılır. Məhz buna görə də respublikamız həm siyasi, həm də iqtisadi cəhətdən regionda ən sabit ölkə olaraq qalmaqdadır.
İş adamlarının məktub-müraciətində xüsusi ilə Vergilər Nazirliyinin əməkdaşlarının onlara mane olmasından bəhs edilir və nazirdən, eləcə də ölkə başçısından kömək istədikləri diqqətə çatdırılıb.
6 saylı vergi idarəsinin qanunsuz əməlləri
Şikayət edən iş adamları nazirliyin Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri Ədalət Fərəcovun və idarənin bölmə rəisi Bəhruz Heydərovun, eləcə də digər vergi müfəttişlərinin qanundan kənar atdıqları addımları istər vergilər naziri Mikayıl Cabbarovun, istərsə də digər əlaqədar təşkilatların nəzərinə çatdırsalar da, onların harayına heç bir reaksiya yoxdur.Bu məqam redaksiyaya ünvanlanan məktubda təəssüf hissi ilə qeyd edilib.
Nazirə məlumat verilib
Müstəqil.Az – ın redaksiyasına daha bir məktub isə Lənkəran şəhərində qeydiyyatda olan və elə orada da yaşayan iş adamı Quliyev Cəfər Əli oğlu tərəfindən ünvanlanıb. Məktuba həmçinin prezident İlham Əliyevə ünvanlanan şikayət-ərizə məktubu da əlavə olunub.Sözügedən məktubda bildirilir ki, yuxarıda adı çəkilən 6 saylı ərazi vergi idarəsinin səlahiyyətlilərinin əməllərindən nazir Mikayıl Cabbarova yazılı surətdə məlumat verilib, kömək istənilsə də bundan bir xəbər çıxmayıb.
Məktubu olduğu kimi təqdim edirik:
Hörmətli Prezidentimiz!
Sizin Azərbaycan Respublikasına rəhbərlik etməyinizi biz iş adamları həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləməkdə israrlıyıq. Siz həm iqtisadi, həm də siyasi cəhətdən güclü bir dövlət yaratmısınız. Rəhbərliyiniz altında yeni-yeni uğurlar qazanacağımıza, işğal altındakı torpaqlarımızın azad olunacağına, nəticədə ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına əminik.Bu gün elə də uzaqda deyil!
Xalq əmindir
Məhz ona görə də biz Aprelin 11-də keçirilən Prezident seçkilərində sizə səs verməklə sabitliyimizə, inkişafa səs vermiş olduq.Sizin bu parlaq qələbəniz həm də iki il öncə Aprel döyüşlərində erməni işğalçıları üzərində qazanılan qələbənin nəticəsidir. Xalq məhz həmin gərgin döyüşlərdən sonra torpaqlarımızın azad olunacağının əminliyini yaşamışdı və yaşayır da…”
Prezidentə ünvanlanan məktubda daha sonra qeyd olunur:
“Cənab Prezident!
Siz həmişə biz iş adamlarına dəstək olmusunuz.Ona görə də göydə Allah, yerdə isə daima dəstyimiz, arxamız, güvənc yerimiz məhz Siz olmusunuz.
Qeyri-qanuni pul tələbi
Bir müddət əvvəl hörmətli vergilər naziri Mikayıl Cabbarova nazirliyin Lənkəran şəhərində yerləşən 6 saylı ərazi vergi idarəsinin rəhbəri və onun özü ilə gətirdiyi, bölmə rəisi təyin etdiyi Bəhruz Heydərovun hegemonluğundan yazdıq, lənkəranlı iş adamlarının onların əlindən cana yığılmasını bildirdik. Diqqətə çatdırdıq ki, bu vergi idarəsinin əməkdaşları bizdən qeyri-qanuni olaraq pul tələb edir. Onların tələblərini icra etməyənlərin dükanlarında yoxlamalar keçirib, bağlanacaqlarını, fəaliyyətlərinə imkan verməyəcəklərini və cərimələr yazacaqları ilə hədə-qorxu gəlirlər.Özlərinin və yaxın adamlarının, eləcə də onların hədə qorxusundan çəkinənlərin obyektlərini vergi qeydiyyatından gizlədirlər. Ədalət Fərəcova və onun yaxını olan Bəhruz Heydərova aylıq ödəniş edən iş adamları ilə işləri omur. Amma biz, 5-10 nəfər Sizə güvənib iş quran insanları gözüm-çıxdıya salırlar.”
Şikayət məktubları nazirə çatdırılmır
Məktubda Prezidentin yeni təyin etdiyi nazirin bu işlərdən xəbərsiz olduğu da xüsusi ilə qeyd edilir.Bildirirlər ki, nazirə ünvanladıqları məktublar və təsdiqedici fotolar nazirə çatdırılmır. Yuxarlda adı çəkilən adamların nazirlikdə fəaliyyət göstərən himayədarları tərəfindən gizlədilir və şikayət etdikləri adamlara göndərilir.
Məktubda iş adamları prezdentədən xahiş edir ki, nazirə tapşırıq versin, Mikayıl Cabbarov bu haqda ölçü götürsün.
Mənbə:> Anaxeber.az