Rusiya süni duman yaradıb Əsədə göndərdiyi silahları boşaldır
Suriyanın Tartus limanına bir neçə Rusiya yük gəmisi daxil olub.
Virtualaz.org xəbər verir ki, bu haqda News.com.au Suriyadakı mənbələrinə istinadən bildirir. Gəmilərin yükü barədə heç nə məlum deyil, amma yüklərin boşaldılması zamanı limanın üzərində süni duman yaradılıb. Rusiya hərbi bazasının yerləşdiyi limanda gəmilərin gətirdiyi yüklər böyük məxfilik şəraitində boşaldılır, liman rayonuna xüsusi qaz buraxılıb və kəşfiyyat peyklərinin, pilotsuz aparatların çəkiliş aparması əngəllənir.
Bundan bir neçə gün əvvəl Rusiya yük gəmilərinin Suriya istiqamətində üzdüyü barədə xəbərlər və müvafiq görüntülər yayılmışdı. Belə ki, “Orsk” , “Sparta II” və “Aleksandr Tkaçenko” adlı Rusiya hərbi gəmiləri Aralıq dənizinə daxil olmuşdu. Gəmilərin hərbi yüklə büsbütün yükləndiyi bildirilirdi. Gəmilərdə daşınan yükün üstü brezentlə örtülü olsa da bloqqerlər onlardan birinin göyərtəsindəki BTR-82A zirehli transportyorlarını qeydə ala bilmişdi.
Lakin KİV-lər ehtimal edir ki, gəmilərin yükü arasında təkcə zirehli texnika yox, S-300 zenit-raket kompleksləri də var. Tartus rayonunda yüksək məxfilik və süni duman da bununla bağlıdır. Rusiya ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi raket zərbələrindən sonra Dəməşqə yeni silahlar, o cümlədən S-300 kompleksləri çatdıracağını elan etmişdi.
Bu barədə Rusiya Baş qərargahının Baş əməliyyat idarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy elan edib. “Qeyd etmək istərdim ki, bir neçə il əvvəl bəzi qərb tərəfdaşlarımızın israrlı xahişlərini nəzərə alaraq Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırılmasından imtina etdik. Lakin baş verənləri nəzərə alaraq bu məsələyə yenidən baxa bilərik”-general bildirib.
Bu gün xarici işlər naziri Sergey Lavrov da Bəşər Əsədə S-300 komplekslərinin verilməsinin mümkünlüyünü bildirib. “Bu haqda artıq prezident danışıb. Bizim hazırda heç bir mənəvi öhdəliklərimiz qalmayıb. Haradasa 10 il əvvəl biz məlum partnyorlarımızın xahişlərini nəzərə alaraq bunu etməməyi vəd etmişdik. İndi isə heç bir mənəvi öhdəliyimiz yoxdur”-Lavrov deyib.
Əgər Rusiya Suriyaya doğrudan da S-300 kompleksləri göndəribsə bu, ilk növbədə müntəzəm olaraq həmin ölkədəki İran hərbi bazalarına raket zərbələri endirən İsrail üçün ciddi narahatlıq yaradacaq. Suriya rejimi S-300 komplekslərinin köməyi ilə hava məkanına nəzarəti gücləndirə bilsə İranın bu ölkədə hərbi iştirakını gücləndirmək imkanları da artacaq.
Mənbə:> Virtualaz.org