Güclü qasırğa binaların damlarını “Azərişıq” ASC-nin texnikasının üzərinə aşırdı ÜÇ RAYONDA FÖVQƏLADƏ VƏZİYYƏT
Bu gün martın 24-də günün ikinci yarısından başlayaraq Gədəbəy, Daşkəsən və Tovuz rayonlarını bürüyən güclü qasırğa elektrik təsərrüfatına ziyan vurub. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin virtualaz.org-a bildirdiyinə görə bu rayonlarda elektrik verillişi xətləri qırılıb, elektrik dayaqları aşıb.
Ekstremal hava şəraitinə baxmayaraq “Azərişıq” ASC-nin qəza briqdaları operativ qaydada bu fəsadları aradan qaldırmaq üçün səfərbər olunub. Bu zaman elektrik enerjisi təchizatı operatorunun texnikasına da ziyan dəyib, əməkdaşlar abonentlərin elektrik təchizatında şiddətli külək üzündən yaranmış kəsintiləri aradan qaldırmaq üçün riskli və ekstremal şəraitdə işləməli olublar.
Belə ki, binaların dam örtükləri və fasadları uçaraq “Azərişıq” ASC-nin yerli şəbəkələrinin şiddətli küləyin törətdiyi qəzaları aradan qaldırmaq üçün səfərbər olunan qaldırıcı kranlarının üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Günün sonuna doğru olan vəziyyətə əsasən artıq həmin rayonların bir sıra kəndlərində elektrik enerjisinin təchizatı bərpa edilmişdi.
Qeyd edək ki, şiddətli küləklə müşaiyət olunan ekstremal hava şəraitinin ölkə ərazisində sabah da davam edəcəyi proqnozlaşdırılır.
Mənbə:> Virtualaz.org