Fətullahın keçmiş müridi Fəttah Temincə “Mardan Palace” otelini alır
Azərbaycan əsilli keçmiş oliqarx-milyarder, hazırda sifarişli qətllərə və mütəşəkkil cinayətkar qruplaşma yaratmağa görə axtarışda olan Telman İsmayılovun Antalyadakı dəbdəbəli “Mardan Palace” otelinin yeni sahibinin kimliyi məlum olub.
Virtualaz.org xəbər verir ki, bu “Rixos Group” otellər şəbəkəsinin sahibi, türkiyəli iş adamı Fəttah Təmincədir.
Tikintisi 1.4 milyard dollara başa gələn və T.İsmayılovun batmasında katalizator rolunu oynayan otel cəmi 150 milyon dollar kredit borcuna görə müsadirə edilərək məhkəmə qərarı ilə Türkiyənin dövlət bankı olan “Halk Bank”a keçmişdi. Lakin otel bankın mülkiyyətinə keçəndən sonra onun fəaliyyəti zəifləyib, demək olar ki, boş qalıb. Və hazırda bank otelə müştəri axtarır. “Mardan Palace” otelinə Fəttah Təmincənin rəhbəri olduğu “Rixos Group” maraq göstərir. Temincə bu informasiyanı türk qaynaqlarına təsdiq edib, amma deyib ki, proses hələ danışıqlar mərhələsindədir və nəticələr gələn həftədən tez məlum olmayacaq.
Bu həmin Temincədir ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə otel biznesi mövcud olub. Habelə əvvəllər AKP hakimiyyətinə yaxın olan bu iş adamı Fətullah Gülənin müridlərindən biri idi. 2016-cı ilin iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə hakimiyyəti fətullahçıların hamısını terrorçu elan edib onların üzərinə total hücuma başlayanda Fəttah Temincə də saxlanıldı. O, “terror təşkilatına üzv olmaq” və “dələduzluq” ittihamları ilə suçlanaraq istintaqa cəlb edilmişdi.
Temincə 2016-cı ilin avqustunda Antalya prokurorluğuna verdiyi ifadədə Fətullah Gülən camaatının üzvü olduğunu təsdiqləyib. Amma deyib ki, vaxtilə fətullahçılar özlərini “Nuhun gəmisi” kimi təqdim edərək onu təhdid yolu ilə öz sıralarına cəlb ediblər. Dindirmədən sonra Temincenin barəsində istintaq dayandırılıb və o, sərbəst buraxılıb.
Mənbə:> Virtualaz.org