London: hökumətin fövqəladə iclası başa çatdı, polis tezliklə zəhərin adını açıqlayacaq
Böyük Britaniya polisi yaxın saatlarda İngiltərənin cənubunda, Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat Xidmətinin (QRU) keçmiş əməkdaşı, ingilis kəşfiyyatına işlədiyi üçün mühakimə edilmiş polkovnik Sergey Skripalın hansı maddə ilə zəhləndiyini açıqlayacaq. Virtualaz.org xəbər verir ki, bu barədə hökumətin fövqəladə komitəsi COBRA-nın iclasından sonra daxili işlər naziri Amber Radd bəyan edib.
66 yaşlı Skripal və onun 33 yaşlı qızı Yuliya iki gün əvvəl skamyada huşsuz vəziyyətdə tapılıblar. Onların zəhərləndiyi müəyyən edilib. Rusiya hakimiyyətinin “xainlər” siyahısında olan və casus mübadiləsi çərçivəsində Qərbə təhvil verilib Böyük Britaniyadan sığınacaq alan Skripalın zəhərlənməsi böyük beynəlxalq qalmaqala, londonla Moskva arasında gərginliyin daha da artmasına səbəb olub. Belə ki, London bu zəhərlənmə əməliyyatının Moskva tərəfindən təşkil ediləcəyini ehtimal edir və bu ehtimal sübut olunarsa sərt addımlar atacağını bildirir. Keçmiş QRU polkovniki və qızı hazırda reanimasiyada, ölüm ayağındadır.
“Biz Skripal və qızının zəhərlənməsinə səbəb olan maddə barədə daha çox şeyi bilirik. Və polis bu gün bəzi informasiyaları bölüşmək üçün daha bir bəyanatla çıxış edəcək”-Amber Radd hökumətin fövqəladə komitəsinin iclasından sonra jurnalistlərə bildirib.
“The Times” xəbər verir ki, Skripalın 59 yaşlı arvadının 2012-ci ildə xərçəng diaqnozu ilə ölməsi və oğlu Aleksandrın 43 yaşında ötən il Sankt-Peterburqda qara ciyər çatışmamazlığından dünyasını dəyişməsi də şübhəli görünür. Britaniya müstəntiqləri bu ölümləri də araşdırmağa başlayıb.
Mənbə:> Virtualaz.org