Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır
Britaniya parlamentinin deputatları Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar.
Virtualaz.org “The Guardian” qəzetinin məqaləsinə istinadən bildirir ki, “Paradise papers” və “Panama papers” sənədləri üzrə araşdırmaların üzə çıxardığı mühüm tapıntılar hazırda Britaniya parlamentində müzakirə olunan, sanksiyalar və çirkli pulların yuyulmasına qarşı mübarizəni nəzərdə tutan qanunun ikinci oxunuşunda bir daha diqqət mərkəzinə gəlib.
Qanun Britaniya Avropa İttifaqını tərk etdikdən sonra blokun müvafiq qanunu əvəz etməlidir.cLakin Britaniya hökuməti işarə edir ki, o, Britaniyanın okean ərazilərini yeni şəffaflıq qaydalarının qəbuluna məcbur etməyəcək. Bu, faktiki olaraq keçmiş baş nazir Devid Kemeronun vədlərinin üstündən xətt çəkilməsi deməkdir. Kemeron bütün dünya ölkələrini korrupsiya ilə mübarizədə birləşməyə çağırmışdı.
Bir neçə millət vəkilləri tələb ediblər ki, Britaniyanın keçmiş müstəmləkə əraziləri onlardakı ofşor şirkətlərin əsl sahib və mənfəətdarlarının qeydiyyat kitabını dərc etməyə məcbur edilsinlər.
Qəzet yazır ki, Birləşmiş Krallıq 2016-cı ildə mənfəətdar şirkət sahiblərinin ayrıca ictimai reyestrini yaradıb və belə bir qaydanın Britaniyadakı mülkiyyətə də şamil ediləcəyini vəd verib. Lakin Britaniyanın taxt-tac və dəniz əraziləri ofşor şirkətlərin əsl sahiblərinin adlarını yalnız hüquq-mühafizə orqanlarına, o da tələb edilərsə, verməyə borcludurlar. Başqa sözlərlə ictimaiyyətin bu reyestrə girişi yoxdur.
"Reyestrlər vətəndaş cəmiyyətinə, mediaya, jurnalistlərə, QHT-lərə açıq olmalıdır" - mühafizəkar millət vəkili və beynəlxalq inkişaf naziri Endryu Mitçell deyib. Mitçell bildirib ki, Dünya Bankının məlumatına görə Afrikadan, ödənməmiş vergilər şəklində bu qitəyə verilən bütün yardımlardan daha çox pul oğurlanır. "Biz yoxsul Afrika qarşısında, həm də öz vergiödəyənlərimiz qarşısında bu qalmaqala son qoyulması üçün addım atmağa borcluyuq" – deputat çıxışında deyib.
Parlamentin ictimai hesablar komitəsinin keçmiş sədri, ledi Margaret Hodge da bildirib ki, bu daimi qalmaqallara son qoymağın vaxtıdır. O, öz çıxşışında israilli brilyant milyarderi Dan Gerterlə bağlı əhvalatları yada salıb.
Gertler hazırda ABŞ sanksiyaları altındadır. Millət vəklili bunu da xatırladıb ki, neftlə zəngin Anqolanın dövlət neft fondunun meneceri Jan-Klod Bastos Britaniyanın ofşor ərazilərində bir neçə məxfi “balıqqulağı” şirkətlərinə pullar yatırıb.
Bu adamların hər ikisinin adları “Paradise papers”də olsa da, onlar heç bir qanunsuz iş görmədiklərində israr edirlər.
Hodge deyib ki, Şimali Koreyanın Britaniyanın Virgin və Anguilla adalarından istifadə etməklə ABŞ sanksiyalarından yayınmasına dair "The Guardian" qəzetinin iddiaları narahatlıq doğurmaya bilməz.
Kölgə xarici işlər naziri Helen Qudman isə deyib ki, ofşorlardakı şirkətlərin həqiqi sahiblərinin adlarının ictimaiyyətdən gizlədilməsi yolverilməzdir. Lakin hökumətin nümayəndəsi, xarici işlər nazirinin müavini Alan Dunkan deyib ki, hökumət ofşor əraziləri şirkət sahiblərinin adlarının açıqlanmasına yalnız bu barədə qlobal qaydalar müəyyənləşəndən sonra məcbur edəcək.
O deyib ki, Avropa İttifaqının qaydaları hələ qlobal qayda sayılmamalıdır. Deputatlar habelə “Paradise papers”in özəyini təşkil edən “Appleby” hüquq firmasının "The Guardian" və BBC-yə qarşı məhkəmə işi açmasını tənqid ediblər.
Kölgə maliyyə naziri Annelis Dods isə hökuməti "jurnalistləri, onları təkləyən “Appleby”-dən açıq şəkildə müdafiə etmədiyinə görə" tənqid edib. “Appleby” iddia edir ki, onun sənədləri hakerlər tərəfindən oğurlanıb və onlardan heç birinin dərci ictimai maraqda olmayıb.
Firma hər iki media qurumunun cərimələnməsini və onlara gələcəkdə hər hansı sızmış sənədlərin dərcinin qadağan olunmasını tələb edir. Bu ayın əvvəllərində isə Avropa Parlamenti həmin “Appleby” şirkətinin özünün vergidən yayınma əməllərində iştirakına dair cinayət işinə başlanmasını elan edib.
Mənbə:> Virtualaz.org