Ərdoğandan Vaşinqtonu qorxudan açıqlama: “Bu isinmə hərəkətləridir, böyük hədəfimiz...”
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatını tənqid edənlərə cavab verib.
Ərdoğan əsas məqsədlərinin Suriya xalqının rahat yaşamasını təmin etmək olduğunu deyib: “Bizdən Suriya torpaqlarından təcili çıxmamızı istəyənlərin dediklərini izləyirik. Bunların məntiqinə görə, PKK, İŞİD Suriyada ola bilər, Amerika, Rusiya, İran, Fransa, İngiltərə və digər ölkələr müxtəlif görüntü və bəhanələrlə Suriyada ola bilər, İsrail ürəyi istəyən zaman Suriyada əməliyyat keçirə bilər, amma Türkiyə 911 kilometrlik sərhədinin yerləşdiyi Suriyada ola bilməz. Bunlar Suriyadan Türkiyəyə 700-dən çox hücum atəşi açdılar, 100-ə yaxın qardaşımız şəhid oldu. Biz hələ də seyretməliyik?! 13-14 yaşlarındakı uşaqların əlinə silah verib döyüş meydanlarına göndərirlər. Onlara qalsa, bizə yağışlı havada bir bardaq su belə verməyəcəklər. Dünən xarici işlər nazirini İrana göndərdim, bu gün Putinlə danışdım. Bu prosesi israrla davam etdiririk. Çünki Türkiyə olaraq, burada “öz göbəyimizi özümüz kəsməyə” məcburuq. Suriyanın, İraqın, digər yerlərin bizim üçün öz torpaqlarımızdan fərqi yoxdur. Bizim üçün Suriya xalqı önəmlidir, Əsəd deyil. Bizim dərdimiz 3,5 milyon suriyalı qardaşlarımızın evlərinə, torpaqlarına qayıtmasını təmin etməkdir”.
Türkiyə prezidenti ABŞ-ı tənqid edib, Donald Trampın terrorçulara dəstək verdiyini bir daha xatırladıb.
“İŞİD terror təşkilatına qarşı mübarizəni PYD/YPG terror təşkilatı ilə apardılar. “Gəlin bizimlə bərabər hərəkət edin” dedik, “biz sizin generalların dediklərini uyğun görmədik” dedilər. “Bax, sizinkilər doğru danışmır, bu bölgəni biz tanıyırıq, terrorçunu terrorçu ilə yox etmək olmaz hörmətli Tramp” dedim. O, yenə onlara baxdı. Siz öz yolunuza, biz öz yolumuza dedik. İndiyə qədər etdiklərimiz hələ isinmə hərəkətləri belə sayılmır. Böyük həmləmizi inşallah qarşıdakı dövrdə həyata keçirəcəyik. Bu baxımdan, 2019-cu il vacib tarixdir. Artıq bu ölkəyə qarşı əməliyyat keçirmək o qədər də asan olmayacaq. Hər kəsin bir oyunu ola bilər, amma ən böyük oyun sahibi Allahdır. Hədəf Qızıl Almadır, Qızıl Alma alma ağacı deyil, onun mənası çox böyükdür. O, gedə biləcəyin nöqtənin sonudur, gedərsən bitməz. Bizim “mehmetçiyimizdən” daha imanlı, inanclı əsgər varmı dünyada? Şəxsən, mən görmədim, eşitmədim”, - deyə Ərdoğan vurğulayıb.
Mənbə:> Publika.az