Əsgər çatışmır: ermənilər səngərə nə qoysunlar, müqəvva, yoxsa robot?
Qarabağda təmas xətti boyu uzanan səngərlərdə yerləşdirməyə kifayət qədər canlı qüvvənin olmaması Ermənistanda əsgərlərin əvəzinə “texniki vasitələrdən” istifadə ideyasını gündəmə gətirib. Virtualaz.org xəbər verir ki, İT-müəssisələr İttifaqının sədri Karen Vardanyan təmas xəttində əsgərin funksiyasını “texniki vasitələrlə” əvəz etməyi təklif edir.
Vardanyan “Sputnik Armeniya” agentliyinə açıqlamasında hansı texniki vasitlərdən söhbət getdiyini dəqiqləşdirməyib, ancaq deyib ki, Ermənistanın informasiya texnologiyaları müəssisələri hələ 2011-ci ildə bu sahədə işə başlamağa cəhd ediblər. Müdafiə Nazirliyi isə onların ideyasını dəstəkləməyib. “2016-cı ilin aprel döyüşlərindən sonra biz İT-mühəndislərin ictimai səfərbərliyini elan etdik, səfərbərlikdən sonra ancaq kiçik qrupdan yararlana bildik. Çünki Müdafiə Nazirliyindən verilmiş sifariş məhdud idi”-o deyib.
Vardanyana görə getdikcə həm silahlar, həm müharibənin aparılması yüksək texnologiyalara əsaslanır. Bu səbəbdən erməni İT-mütəxəssislərinin imkanlarından istifadə edilməldir.
Vardanyanın ideyasına görə səngərlərdə əsgərlərin əvəzinə hansısa avtomatik atəş açan sistemlər və müşahidə qurğuları yerləşdirmək olar. Əsgərləri isə arxada saxlayıb onlara dağ atıcıları kimi təlim keçmək mümkündür. Çünki səngərdə oturan əsgər praktiki olaraq təlim keçmir və heç nə öyrənmir.
Vardanyan deyir ki, ordu konseptual olaraq dəyişməlidir. Çünki əhali azalır və təmas xəttini əvvəlki sxemlə nəzarətdə saxlamaq çətinləşir.
Politoloq Yervand Bozoyan da hesab edir ki, təmas xəttində həlli vacib olan bir sıra məsələlər var. Texnolji təminat da bunlardan biridir. “Aprel müharibəsi göstərdi ki, Azərbaycan texnoloji baxımdan müharibənin aparılmasına daha hazırlıqlıdır. Həmin döyüşlərdən sonra ön xətdə dəyişikliklər oldu, amma bunları daha əvvəl də edə bilərdilər”-Bozoyan Ermənistan ordusunun 2016-cı il aprel döyüşlərindən sonra təmas xəttindəki mövqeləri vidomüşahidə sistemləri ilə təchiz etməsini nəzərdə tutaraq deyib.
Lakin Bozoyan görə səngərdə əsgərin hansısa avtomatik atəş açan mexanizmlərlə əvəzlənməsi barədə danışmaq tezdir. Bunun yerinə təmas xəttində peşəkar əsgərləri yerləşdirib gənc əsgərləri arxaya çəkmək barədə düşünmək lazımdır.
“Orduda müqavilə əsasında xidmət keçənlər var. Düzgün olardı ki, səngərdə məhz onları yerləşdirsinlər. Çünki hələ ailə qurmağa imkan tapmamaış gənc əsgərin həlak olması cəmiyyətə psixoloji baxımdan iki-üç dəfə güclü təsir edir”-erməni politoloq qeyd edir.
Qeyd edək ki, təmas xətti boyu döyüş-müşahidə postlarının son illər artması Ermənistan ordusunda canlı qüvvə sarıdan korluğun daha kəskin hiss edilməsinə gətirib çıxarıb. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, düşmən postlarının bir çoxu faktiki olaraq boş qalır, yaxud hər postda 2-3 əsgər yerləşdirməklə işğalçı qüvvələr bütün təmas xətti boyu müşahidə aparmağa çalışırlar. Belə vəziyyətdə erməni İT-mütəxəssislərinin icad edəcəyi hansısa avtomatik atəş açan mexanizmlər və ya əsgər-robotlar hələ hazır olmadığından bəlkə problemin daha sadə texnoloji həllinə əl atmaq-səngərlərdə əsgər əvəzinə adi müqəvvalar yerləşdirmək daha ağlabatan olardı?
Mənbə:> Virtualaz.org