"Azəriqaz”ın abonentlərə "havadan" borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi – GÖRÜNMƏMİŞ ƏMƏLLƏR
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi deyib ki, həmin abonentlər iddianı Bakının Xətai Rayon Məhkəməsində qaldırıblar. Cavabdeh tərəf “Azəriqaz”ın Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa texniki sahəsidir.
Bu iddia üzrə yanvarın 29 və 31-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə kənd sakinləri - Əbülfət Həsən oğlu Qurbanovun adına yazılmış 950.40 manat cərimə, 91.21 manat sayğac dəyəri, müharibə veteranı, mərhum Məcid Qurbanovun həyat yoldaşının adına yazılmış 475.20 manat cərimə, 91.21 manat sayğac dəyəri əsassız hesab edilib.
Azərbaycanda ilk dəfədir ki, məhkəmələr abonentlərin qaz operatoruna qarşı qaldırdığı iddianı təmin edir. “Çox maraqlıdır ki, “Azəriqaz” tərəfindən məhkəməyə təsir göstərmək cəhdləri olmadı, yəni cavabdeh tərəf də işə obyektiv baxılmasına çalışdı”-M.Qəhrəmanlı bildirib.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev virtualaz.org saytının bu məhkəmə işi barədə sorğusuna “araşdırma aparandan sonra cavab verəcəyini” deyib.
Qəhrəmanlı hesab edir ki, yalnız bir kənddə bu qədər sakinin aldadılması digər bölgələrdə də abonentlərə saxta borc və cərimələr yazılmasından şübhələnməyə əsas verir. Ona görə də bu cür iddialar, “Azəriqaz”da sayğac maxinasiyaları, abonentlərə sərf etmədikləri qaza görə borcların yazılması barədə məlumatlar yoxlanılmalıdır.
Hüquq müdafiəçisi məsələ ilə bağlı “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevə müraciət edib: “Əkbər Hacıyevdən soruşuram, qeyri-qanuni yollarla əhalinin cibinə girən balaca rəislər vəzifədən kənarlaşdırılacaq, yoxsa kiminsə qohumu olduqları üçün onlara toxunmayacaq? Bu yalnız bir kənddə baş verənlərdir. Bakı da daxil olmaqla bölgələrdə qaz idarələrindən hər gün şikayətlər daxil olur, kommersiya obyektlərindən alınan qaz pulu mənimsənilir, əvəzində vətəndaşın cibinə girirlər. Sadəcə, araşdırma aparmalıdır, düzgün araşdırılma aparılsa bizim dediklərimiz sübut olunacaq”.
Mirvari Qəhrəmanlı əlavə edir ki, abonentlər arasında maarifləndirmə aparılmasına ehtiyac var, çünki əksəriyyət məlumatsızlıqdan aldadılır. Onun sözlərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə onların özləri daşıyırlar.
“İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması operator şirkət tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir”, -Qəhrəmanlı əlavə edib.
Xatırladaq ki, ötən il virtualaz.org “Ernst and Young” beynəlxalq audit şirkətinin SOCAR-ın sifarişi ilə “Azəriqaz” İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair 511 səhifəlik sənədi əldə etmişdi.
Həmin sənəddə “Azəriqaz” İB-də hökm sürən korrupsiya, intizamsızlıq və təsərrüfatsızlıq, ildə 700 milyon kubmetr qazın itkiyə getməsi və satınalmalar zamanı qiymətlərin şişirdilməsi, bir-birini təkrarlayan vəzifələrin və ştatların mövcudluğu, təmir-tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə və xidmət haqlarının dəfələrlə şişirdilməsi kimi olduqca ciddi pozuntulardan bəhs edirdi.
Mənbə:> Virtualaz.org