Vergilər Nazirliyi yoxlamaları tam dayandırdı
Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb
Bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.
Məlumatda qeyd olunur ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına kurasiya nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin, moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.
Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.
Onu da xatırladaq ki, yeni nazirin təyinatından sonra nazirliyin 70-dən çox yüksək vəzifəli və digər əməkdaşları işdən çıxarılıb.
"Kadr dəyişiklikləri vergi yoxlamalarını həyata keçirən əməkdaşlara da toxunub", - agentliyin həmsöhbəti qeyd edib.
Mənbə bunu yalnız kadr yerdəyişmələri ilə izah etmir. Onun dediyinə görə, yeni nazir vergi yoxlamalarının keçirilməsi prosesinin özünə də müəyyən dəyişikliklər edə bilər.
Mənbə:> Virtualaz.org