Ankara Suriyada ABŞ-la əməkdaşlıq üçün əsas şərti açıqladı
Türkiyənin Suriyada ABŞ-la əməkdaşlıq etməsi üçün əsas şərt Birləşmiş Ştatlar tərəfindən kürd döyüşçülərinə silah tədarükünün dayandırılmasıdır.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Vaşınqtona dəfələrlə xəbərdarlıq edib ki, kürd silahlı birləşmələrinə silah verməsin.
"Əməkdaşlıq etməyimizin əsas şərti silah tədarükünün dayandırılması və verilən silahların geri alınmasıdır. Bunu öz müttəfiqlərimizdən gözləmək ən təbii haqqımızdır", - deyə B. Bozdağ bildirib.
Qeyd edək ki, ABŞ-ın kürd silahlı birləşmələrinə "gizli sövdələşmə" çərçivəsində zenit-raket kompleksləri verməsi barədə məlumat yayılıb.
Onu da xatırladaq ki, bir az əvvəl ABŞ dövlət katibi Reks Tillerson ölkəsinin Suriyanın şimal-qərbində “təhlükəsizlik zonası”nın yaradılması məqsədi ilə Türkiyə ilə birgə fəaliyyətin həyata keçirilməsinə ümidvar olduğunu bildirmişdi.
Tillerson vurğulamışdı ki, hazırda bu cür əməkdaşlığın mümkünlüyünü araşdırırlar: “Biz Türkiyə tərəfi və bir sıra başqa qüvvələrlə vəziyyətin sabitləşdirilməsi mövzusunda danışıqlar aparırıq”.
Mənbə:> Virtualaz.org