İvanka ilə Natalya liftdə: Ağalarov, kompromatlar və... – XÜSUSİ PROKURORA XƏBƏR ÇATDI
ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller prezident Donald Trampın oğlu ilə rusiyalı hüquqşünas Natalya Veselnitskaya arasında azərbaycanlı biznesmenlər Araz və Emin Ağalarovların vasitəçiliyi ilə baş tutmuş görüşün ən azı bir iştirakçısını təkrar dindirməyi qərara alıb.
Virtualaz.org xəbər verir ki, bu Müllerin Donald Trampın qızı İvanka ilə rusiyal hüquqşünasın Nyu-Yorkdakı “Trump Tower”in liftində görüşməsindən xəbər tutmasından sonra baş verib.
Xatırladaq ki, 2016-cı ilin yayında Donald Trampın oğlu prezidentliyə demokrat namizəd Hillari Klinton barədə kompromatlar almaq üçün Natalya Veselnitskaya ilə gizli görüşüb. Bu görüşü Emin Ağalarov təşkil edib. Belə ki, Emin Ağalarov atasının “baş prokurorda” Hillari Klinton barədə kompromatlar olduğu barədə məlumatını çatdırıb. Həmin kompromatları əldə etmək üçün Trampın oğlu və komandasının bəzi üzvləri rusiyalı hüquqşünasla görüşüblər, ancaq onların bildirdiyinə görə əslində Veselnitskayada Klinton barədə kompromatların olmadığı üzə çıxıb. Bu görüşün amerikalı iştirakçıları dəfələrlə Senatın xüsusi komissiyasına və Müllerin komandasına ifadə veriblər.
İndi “Los Angeles Times” yazır ki, 2016-cı il iyunun 9-da İvanka Tramp Natalya Veselnitskaya və onun lobbiçisi Rinat Axmetşinlə (iddialara görə Rusiya kəşfiyyatçısıdır) liftdə qarşılaşıb. Mənbə onların “salamlaşıb hal-əhval tutuğunu” bildirir. Lakin Müller Tramp ailəsinin üzvü ilə həmin iki şəxsin söhbətinin bütün detallarını bilmək istəyir.
Bu arada məlum olub ki, Trampın vəkilləri onun Müller tərəfindən dindirilməsi perspektivinə hazırlaşırlar. Vəkillər mümkün qədər Trampın ifadə verməkdən yayındırmağa çalışacaqlar, bu mümkün olmasa prezident prokurorun suallarına yazılı cavab verməkdə israr edəcək. NBC telekanalı bildirir ki, vəkillər FTB nümayəndələri ilə Trampın dindirilməsinin mümkün vaxtını, yerini və dindirmənin müddətini müzakirə edirlər.
Mənbə:> Virtualaz.org