Vəkil: Əhmədinejad həbs edilməyib – YENİLƏNİB
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.
TASS xəbər verir ki, bu barədə bazar günü "Erem news" xəbər portalı məlumat yayıb.
"Mənim müştərim, keçmiş prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil", - deyə Heydəri ərəb mətbuatında dərc olunan məlumatı şərh edib.
Rəsmi Tehran hələ ki, məsələ ilə bağlı təsdiq və ya təkzib verməyib.
* * *20:05
İranın eks-prezidenti Mahmud Əhmədinejadın həbsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, keçmiş prezidenti ölkədə iğtişaşları qızışdırmaqda ittiham edərək Şiraz şəhərinə səfəri zamanı həbs ediblər. Hələlik İran hakimiyyəti Əhmədinejadın həbsini təsdiq etməyib. Habelə keçmiş prezidentin həbsinin hansı tarixdə baş verdiyi də məlum deyil.
Bununla belə Tehrandakı mənbələr bildirir ki, Əhmədinejadı Şirazda Ali dini lider Əli Xameneyinin şəxsi razılığı və göstərişi ilə həbs ediblər. Həbsdə əsas səbəb kimi keçmiş prezidentin yanvarın 4-də Buşəhrdə etirazçılar qarşısında çıxışı göstərilir. Həmin çıxışında Əhmədinejad bildirib ki, “bəzi yüksək vəzifəli məmurlar” insanların problemlərindən uzaq düşüb və cəmiyyətdəki real vəziyyətdən bixəbərdir. “İran bu gün təsərrüfatsızlıqdan ziyan çəkir, iqtisadi resursların qıtlığından deyil”-keçmiş prezident bildirib.
Əhmədinejadın çıxışında dediyi kimi prezident Həsən Ruhaninin hökumətinin üzvləri mütləq hakimiyyətin onlara məxsus olduğunu düşür, insanları isə heç nə qanmayan vecsiz, kütbeyin cəmiyyətin fərdləri hesab edir. Onun sözlərinə görə, insanlar hökumətdən narazıdır, çünki hökumət ictimai rifahı öz inhisarına alıb və tənqidi qəbul etmir, özünü və öz hərəkətlərini haqq kriteriyası sayır.
Mənbələrin bildirdiyinə görə İran hakimiyyəti Əhmədinejadın bu nitqini ölkədə iğtişaşları qızışdırmaq cəhdi hesab edib. Ehtimal olunur ki, Əhmədinejadı saxlayandan sonra ev dustağı ediblər.
Xatırladaq ki, bundan əvvəl İnqilab Keşikçiləri Korpusunun komandanı ölkədəki etirazların arxasında “bir keçmiş yüksək vəzifəlinin dayandığını” bildirmişdi. Ehtimal edilirdi ki, bununla məhz Əhmədinejad nəzərdə tutulur.
* * *13:57
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edilib.
Bu barədə “Əl-Qüds əl-Arabi” qəzeti yazıb.
Mənbə:> TASS