Tramp özündən çıxıb, miqrantları və tabeçiliyindəkiləri söyüb: “Məni axmaq vəziyyətinə qoymusunuz...”
ABŞ prezidenti Donald Tramp ölkəsinin miqrasiya siyasətinə həsr edilmiş brifinq zamanı özündən çıxıb. Tabeiçiliyindəkiləri və ABŞ-a axın edən miqrantları söyüb. Virtualaz.org xəbər verir ki, bu haqda “The New York Times” qəzeti Ağ evdəki brifinqin iştirakçılarından birinə istinadən yazır.
Məlumata görə? Tramp ona təqdim edilən statistikada Əfqanıstan, Haiti və Nigeriyadan ABŞ-a gələnlərin sayı ilə bağlı rəqəmləri görəndə özündən çıxıb. O, həmin ölkələrin vətəndaşlarının ünvanına təhqirlər yağdırıb.
Prezident Əfqanıstanı “terrorçular üçün cənnət” adlandırıb, Nigeriyadan gələnlər üçün isə deyib ki, onlar bir dəfə ABŞ-a ayaq basan kimi daha heç vaxt öz daxmalarına geri qayıtmazlar. Tramp bildirib ki, bu ilin əvvəlindən ABŞ-a 15 min Haiti sakini gəlib. “Onların hamısında QİÇS var”, - Tramp bildirib.
Bu brifinq hələ iyunun əvvəllərində olub, lakin qəzetə məlumatı indi ötürüblər. Bildirilir ki, o vaxt daxili təhlükəsizlik naziri olan Con Kelli və dövlət katibi Reks Tillerson Trampa statistikanı düzgün başa düşmədiyini izah etməyə çalışıblar. Bildiriblər ki, bu rəqəmlər təkcə miqrantların sayını deyil, işlə bağlı və ya turist kimi ABŞ-a gələnlərin də sayını özündə əks etdirir. Lakin prezident buna məhəl qoymayıb, tabeçiliyində olanları qəzəblə ittiham etməkdə davam edib, deyib ki, tabeçiliyindəkilər onu dostlarının yanında axmaq vəziyyətdə qoyurlar.
Mənbələrdən birinin dediyinə görə brifinq zamanı ehtiraslar o qədər şiddətlənib ki, Kelli aşağı rütbəli əməkdaşlara otağı tərk etməyi tapşırıb. Lakin həmin əməkdaşlar qapının arxasından belə Trampın tabeçiliyindəkiləri necə söydüyünü eşidiblər.
Ağ evin mətbuat katibi Sara Sanders bu məlumatı şərh edərkən həmin brifinqin olduğunu təsdiq edib, amma müzakirələrin qəzetdə yazıldığından fərqli aspektdə getdiyini bildirib. “Bu kədərlidir ki, qəzet öz anonim mənbələrinə istinadən yalan dərc etməyə hazırdır”-mətbuat katibi bildirib.
Mənbə:> Virtualaz.org