"Məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" - İlham Əliyevdən mühüm mesaj
Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib. "Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.
İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. "Qüds bizim üçün qırmızı xətdir və "Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasbütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. "Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. "Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.
İordaniya Kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirdi və qeyd etdi ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. "Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirdi ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.
Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminçıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. "Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”,- deyən Yusif Əl-Osaymin vurğuladı ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.
İran Prezidenti Həsən Ruhanibildirdi ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğuladı, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevçıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bismillahir-rəhmanir-rəhim.
Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.
Hörmətli baş katib.
Zati-aliləri.
Zirvə görüşünün iştirakçıları.
İlk növbədə, fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.
Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.
Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək "İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır.
Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir.
Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Təşəkkür edirəm.
Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və Birləşmiş Ştatların səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarını açıqlayıb. Bu qərar təkcə müsəlman dövlətlərində deyil, dünyanın əksər ölkələrində ciddi etirazlarla qarşılanıb. Qərardan dərhal sonra İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikası bununla əlaqədar İƏT-in fövqəladə Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib
Mənbə:> AzerTac