Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı – YENİLƏNİB
Kiyevin Peçerski məhkəməsi ittiham tərəfinin vəsatətini rədd edib və Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixail Saakaşvilini məhkəmə zalından azadlığa buraxıb.
Virtualaz.org bildirir ki, bu barədə "Qordon" nəşri xəbər yayıb.
Hakim Larisa Sokol bildirib ki, prokurorluq qərardan apellyasiya instansiyasına şikayət verə bilər.
***12:24
Peçerski məhkəməsinin binasına giriş güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb, fəallardan və jurnalistlərdən heç kəsi ora buraxmırlar.
Virtualaz.org bildirir ki, bu barədə NewsOne nəşrinin hadisə yerində olan müxbiri xəbər paylaşıb.
Bildirilir ki, Saakaşvilinin xanımı Sandra Rulofs artıq məhkəməyə gəlib.
Siyasətçinin mətbuat katibinin sözlərinə görə, M.Saakaşvili özünü yaxşı hiss edir, baxmayaraq ki, son iki gündə yalnız su içir.
Xəbərdə o da vurğulanır ki, Kiyevin mərkəzində ictimai mühafizə tədbirləri gücləndirilib.
* * *11:48
Gürcüstanın sabiq prezidenti, "Yeni Qüvvələr Hərəkatını”nın lideri Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsindədir.
Virtualaz.org "Ukrayna həqiqətləri" nəşrinə istinadən bildirir ki, bunu siyasətçinin mətbuat katibi deyib.
İnformasiyanı M.Saakaşvilinin vəkili Pavel Boqomazov da təsdiq edib.
Xatırladaq ki, Mixail Saakaşvili Kiyevdə dekabrın 8-i axşam saatlarında saxlanılıb. Onu Ukraynada hakimiyyətin devirilməsinə yönəldilmiş mitinqlərin maliyyələşdirilməsi üçün Rusiyadan təxminən 500 min dollar almaqda ittiham edirlər.
Yerli prokurorluq Saakaşvili üçün elektron qolbağın daşınması ilə ev dustaqlığı şəklində ehtiyat cəza tədbiri tələb etmək niyyətindədir.
Onu da qeyd edək ki, M.Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.
Mənbə:> Virtualaz.org