ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəfləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəfləri

 ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəfləri


“Böyük liderimiz” deyə İranın ali dini lideri (əslində bu ölkənin dərin dövləti hesab olunan sistemin başı) Ayətullah Xameneiyə xitab edən Rza Zərrab bu gün Amerikada bağlı olduğu dövləti, həm də Türkiyəni satır.

 ABŞ-ın Türkiyə üçün qurduğu məhkəmə və Zərrab işinin hədəfləri
Asif Nərimanlı

Qlobal siyasi intriqalar fonunda bəlkə də “əsrin məhkəməsi” hesab olunacaq bu işdə hədəf məlumdur: Türkiyə, daha doğrusu, hazırda ABŞ-ın istəyinin əleyhinə olaraq, müstəqil siyasət aparan və bu siyasətin nəticəsi olaraq, Yaxın Şərqdə maraqlarının uzlaşdığı İranla eyni səfdə dayanan Türkiyə. Buna paralel olaraq, Zərrab işi həm də Amerika-İngiltərə qarşıdurması kimi də dəyərləndirilə bilər. Mənzərə kifayət qədər qarışıq və mürəkkəb görünür.

Rza Zərrab İrana qarşı Amerika embarqosunu yarmaqda ittiham olunduğu halda, U dönüşü baş verdi və İranın Azərbaycan əsilli iş adamı müttəhim kürsüsündən şahid kürsüsünə daşındı. Onun əleyhinə ifadə verdiyi isə “Halkbank”ın baş direktorunun müavini Hakan Atilla, dolayısı ilə Türkiyə hökumətidir. Burada ana sual belədir:

Zərrab müttəhim kürsüsündən şahid kürsüsünə necə keçdi?:
İranın məşhur valyuta taciri olan Zərrab nəslinin nümayəndəsi dini liderə yazırdı ki, “Böyük liderimiz Ayətullah Xameneinin və Mərkəzi Bankın hörmətli rəhbərlərinin sanksiyalar qarşısında oynadığı rol, sanksiyaları təsirsiz hala gətirib, hətta onları özəl metodların istifadə edilməsi sayəsində əlverişli fürsətə çevirib. Əsas fəaliyyətin sanksiyaların artırılmasına və sərtləşdirilməsinə yönəldiyi sirr deyil və İran İslam İnqilabının müdrik liderinin bu il İqtisadi Cihad ili olacağını elan etməsindən bəri, valyuta məsələsində yarım əsrlik təcrübəyə malik Zərrab ailəsi maliyyə və valyuta sanksiyalarına qarşı siyasətin həyata keçirilməsi üçün hər cür əməkdaşlığa hazır olduğumuzu milli və əxlaqi vəzifəmiz olaraq bildiririk...”

Bu məktubu ABŞ kəşfiyyatı Zərrabın elektron poçtundan tapmışdı və məktubdan da göründüyü kimi, o, nə qədər varlı olsa da, birbaşa öz cibinə işləyən iş adamı yox, İran “dərin dövləti”nə bağlı olan, həmçinin, Türkiyə dövlətinin İran siyasətinin iqtisadi tərəfində yer alan şəxsdir. Onun həbs edilməsi “qara qutu”nun ələ keçirilməsi deməkdir.

Beynəlxalq media korporasiyalarının bütün təbliğat maşınına rəğmən, vaxtilə ABŞ sanksiyaları qarşısında İranın duruş gətirmək üçün gizli şəbəkələrdən istifadə etməsi normal olduğu qədər də ədalətli hesab oluna bilər. Türkiyənin bu prosesdə yer alması da bu dövlətin öz mənafeyindən çıxış etmək istəyindən irəli gəlir. Türkiyə embarqonu dələrək, İranla gizli iqtisadi əlaqələr qurmaqla iki hədəfə çatdı:
1. Bu prosesdən gəlir əldə etdi. Hansı ki, bunu Türkiyə etməsəydi, başqa ölkə edəcəkdi. Misal üçün, İranın sanksiya dövründə Ermənistan üzərindən də xarici ticarət apardığı məlumdur;
2. Türkiyə regional maraqlarının toqquşmasına baxmayaraq, İrana dəstək verməklə bölgədə gələcək siyasi tarazlığı öz xeyrinə çevirdi. Bu gün Suriyada Əsəd rejimini dəstəkləyən İranın PYD-yə qarşı Türkiyə ilə birgə hərəkət etməsi, həmçinin, PKK-nın əsas qərargahı olan Qəndilə birgə əməliyyatın keçiriləcəyi üzrə gözləntilər də hazırki beynəlxalq situasiyada bu iki dövlətin maraqlarının uzlaşması ilə yanaşı, həm də Ankaranın çətin günlərdə Tehrana dəstəyinin bəhrəsi hesab oluna bilər.

Və “embarqonun dəlinməsi” prosesində əsas aparıcılar Rza Zərrabla Babək Zəncani idi. Zəncani işi İranda, Zərrab isə Türkiyədə aparırdı. 2007-ci ildən Zərrabı izləyən Amerika bu gizli sistemdən xəbəri var idi və 2013-cü ildə Türkiyədə FETÖ-çülərin əli ilə həyata keçirdiyi “17-25 dekabr” əməliyyatı ilə bu sistemi çökdürməyə, həmçinin, Zərrabı həbs edərək, onun ifadəsi əsasında həmin vaxt baş nazir olan Ərdoğanı məhkəmə qarşısına çıxarmağa, yəni Vaşinqtonun hər istədiyini etməyən AKP iqtidarını tamamilə devirməyə cəhd etdi. Lakin nəticə etibarilə buna nail ola bilmədi və Ərdoğan əməliyyatdan güclənmiş şəkildə çıxaraq, FETÖ-ya qarşı hücuma keçdi. Zərrab da məhz Ərdoğanın təlimatı ilə həbsdən azad edildi. Lakin bu əməliyyatdan bir neçə gün sonra – 2014-cü ilin 5 yanvar tarixində Zərrabın əsas ortağı olan Babək Zəncani İranda həbs olundu. Bu o dövr idi ki, İranda islahatçı qanadın namizədi Həsən Ruhani prezident seçilmişdi, lakin parlamentdə mühafizəkarların (Zərrab-Zəncani cütlüyü məhz mühafizəkar qanada bağlı idi) çoxluğuna görə əsas söz sahibi deyildi. Buna baxmayaraq, Ruhani mühafizəkarların istəyi ilə embarqo dövründə İran neftini xaricə çıxaran Zəncanini həbs etdirməyə nail olmuşdu.

Əslində Zərrab işində ilk ip ucu məhz İranda islahatçıların hakimiyyətə gəlişindədir: İslahatçılar 1979-cu il İran İslam İnqilabını həyata keçirən və bütün qapıları Qərbin üzünə bağlayan mühafizəkarlardan fərqli olaraq Amerika və ingilislərlə əməkdaşlığa həmişə açıq olub. Ruhaninin hakimiyyətə gəlişi ilə ABŞ-İngiltərə ikiliyi İranda ilk uğura imza atdı. Ardınca islahatçılar mühafizəkarların bütün etirazlarına qarşı çıxaraq, nüvə proqramı üzrə saziş imzaladılar. Bu, İranda 1979-cu ildən sonra böyük inqilab hesab oluna bilərdi. Zəncaninin həbsi də onu aldadanları cəzlandırmaq istəyən ABŞ-ın islahatçılardan ilk tələbinin yerinə yetirilməsi idi. 2016-cı ilin 26 fevral tarixində İranda keçirilən parlament seçkilərində islahatçılar ilk dəfə olaraq qələbə çaldı. Bu, artıq İranda ikinci inqilab idi, lakin bu dəfə ABŞ-ın xeyrinə...
Burada diqqətdən qaçmayan detal Zərrabın İranda parlament seçkilərində islahatçıların qalib gəlməsindən təxminən bir ay sonra – 2016-cı ilin martında ABŞ-a getməsi və orada həbs olunmasıdır. Göründüyü kimi, ABŞ İranda ona qarşı olan mühafizəkarların məğlubiyyətindən sonra Xameneini lider hesab edən Zərrabı həbs etdi. Bu, ABŞ-la İranda islahatçı hakimiyyətin razılaşması idi.

Amerika Zəncanidən sonra Zərrabı da həbs edərək, onun əleyhinə olanları cəzalandırır; İranda islahatçı hakimiyyət isə mühafizəkarların adamlarını qurban verməklə həm ölkə daxilində öz əlini gücləndirir, həm də bir növ nüvə razılaşmasının qeyri-rəsmi müddəalarını yerinə yetirirdi; Bu, “inqilabın öz balalarını yeməsinə” bənzəyirdi: (Oxu: Zərrabın həbsi... Yaxud İran öz övladlarını niyə “yeyir”?).

Zərrabın qaçışı: iş adamının razılaşma ilə ABŞ-a getdiyi şübhəsizdir. Sonradan ortaya çıxan faktlar da bunu təsdiqlədi. “17-25 dekabr” əməliyyatından sonra Zərrabın Türkiyədə çıxışına qadağa qoyulmuşdu, lakin bu qadağa cəmi 47 gün çəkdi. Məlumatlar var ki, Zərrab ABŞ-a getməmişdən öncə Türkiyənin baş naziri olan Əhməd Davudoğlu hökumətindən həyatı üçün zəmanət istəsə də, bu təmin olunmayıb. Belə demək mümkünsə, Zərrab dilemma qarşısında qaldığı üçün Amerika ilə razılaşıb: xidmət etdiyi İran dövləti islahatçıların ABŞ-la razılaşmasından sonra onun arxasından çəkildi; İrana bel bağlamaq ortağı Zəncaninin taleyini yaşamaq demək idi; Türkiyə ona zəmanət vermədiyi üçün yeganə çıxış yolu Amerika ilə razılaşmaq idi.

Zərrabla ABŞ kəşfiyyatı arasında təmas quran şəxsin – Metin Topuzun casusluğa görə Türkiyə dövləti tərəfindən həbs edilməsi də göstərir ki, Vaşinqton Rzanın düşdüyü vəziyyətdən istifadə edərək, onunla razılaşıb. Güman ki, Zərrab hər şeyi etiraf edərək, kəsiləcək cəzaya boyun əymək, beləliklə həyatını və var-dövlətini xilas etmək istəyirmiş. Və çox güman ki, ABŞ-la razılaşmada hər şeyi etiraf edəcəyi təqdirdə ona simvolik cəzanın kəsiləcəyi vədi verildiyi üçün buna razılaşıb. Beləliklə, Zərrab turist kimi getdiyi Amerikada həbs olundu və müttəhim olaraq məhkəmə qarşısına çıxarıldı.

Və həbs olunması gözlənildiyi halda şahidə çevrildi. Sual yaranır: bu gün Zərrabın Türkiyə hökuməti əleyhinə verdiyi ifadələr mövcud siyasi situasiyada İranın da əleyhinə olduğu halda Tehran “öz övladını” niyə amerikalılara satdı? Əslində prosesin ən incə detalı da budur və cavablar daşların yerinə oturmasına kömək edir.

CAVAB: Hər şeydən öncə bir detalı ayırd etməliyik. Zərrab Obama hakimiyyəti dövründə ABŞ-a müttəhim olaraq getmişdi; Tramp hakimiyyəti dövründə şahidə çevrildi;

Bu kontekstdə Zərrab işinə iki rakursdan baxmalıyıq:

Müttəhim Zərrab: Obama Amerikası ingilislərlə birgə hərəkət edərək, İranla nüvə məsələsində anlaşdı. İranda islahatçıların əli ilə mühafizəkarları sıradan çıxarmaq planı ABŞ və İngiltərənin birgə ssenarisi idi. Obama Administrasiyası yəhudilərin əksinə gedərək, İrana qarşı sanksiyaları yumşaltdı və son nəticədə İran bölgədə Türkiyəni əvəzləyərək, Qərbin müttəfiqinə çevrilməli idi. Zərrabın müttəhim olduğu dövrdə əsas plan anti-Amerika cəbhəsini sıradan çıxarmaq və Türkiyəni lazımi müstəviyə gəlməyə məcbur etmək idi. Lakin bu prosesdə Zərrab da cəzalandırılacaqdı. Zərrabın Türkiyədə FETÖ-çülər tərəfindən “Ərdoğana qarşı danışsan, həbs olunmayacaqsan” vədi ilə aldadılaraq Amerika aparıldığına da iddialar da bu kontekstdə diqqət çəkir.

Şahid Zərrab: ABŞ-İngiltərə planları Trampın prezident seçilməsi ilə arxa plana keçdi və situasiya tamamilə dəyişdi. Tramp Administrasiyası xarici siyasətdə əsas prioritet kimi İranın vurulması xəttini seçdi. Çünki “qırmızı saçlı oğlanı”n Ağ Evə girişini ABŞ-dakı yəhudi kapitalı təmin etmişdi. (Oxu: “Dərin müharibə”də qələbənin sirri: yeni prezident devriləcəkmi?).

Bu anqlosaksonlarla yəhudilərin (Bunu Rokfeller-Rotşild savaşı da adlandıraq bilərik) mübarizəsi idi və qələbə ikincilərin oldu. Nəticə etibarilə ingilislər amerikalılarla yollarını ayırdılar, ən azından bu indi belədir. Qətər böhranı da İngiltərə-Amerika cütlüyünün üz-üzə gəldiyinin əyani nümunəsi idi. (Oxu: Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük oyunu). Son dövrlər ABŞ-Türkiyə qarşıdurmasında Ankaradan yüksək səviyyəli rəsmilərin Londona intensiv səfərləri də təsadüfi deyil. Görünən budur ki, ABŞ-la zidd düşən ingilislər bu qarşıdurmada Türkiyəni, həm də dolayısı ilə İranı dəstəkləyir. Bu baxımdan,Zərrabın şahidə çevrilməsində ana mənzərə məhz ABŞ-İngiltərə qarşıdurmasıdır.

Amerikanın hədəfi nədir?:

a) Türkiyənin Vaşinqtonun “əmrinə tabe olacaq” vəziyyətə gətirmək;
b) İranla eyni səfdən çıxarmaq;
c) İngiltərə ilə eyni yolda addımlamaqdan yayındırmaq;

Zərrabın ABŞ məhkəməsində açıqladığı etirafların əsas hədəfi Türkiyə hökuməti – Ərdoğandır. Lakin bu etiraflar böyük ehtimalla iki hissəli olacaq.

İLK HİSSƏ - Türkiyədə FETÖ-nün atdığı addımlara bəraət qazandırmaq: Zərrab ABŞ embarqosunu yarmaq üçün gizli şəbəkə qurduqlarını və bu şəbəkədə dövlət bankı olan “Halkbank” əsas rol oynadığını, həmçinin, işi həyata keçirmək üçün AKP hökumətindəki nazirlərə rüşvət verdiyini etiraf edib. Bu ilk hissədir və ABŞ-ın istəyi məhz “17-25 dekabr” əməliyyatının həqiqət olduğunu, dolayısı ilə FETÖ-nünü AKP hökumətinin dediyi kimi “terror təşkilatı” olmadığını türk ictimaiyyətinə göstərmək, yəni FETÖ-ya bəraət qazandırmaqdır.
“17-25 dekabr” əməliyyatı zamanı nazirlərin rüşvət aldığı həqiqətdir, lakin sual yaranır: Türkiyə hökuməti artıq vəzifədə olmayan bu nazirləri niyə həbs etmir? Mümkündür ki, ABŞ embarqoların dəlinməsində Zərraba rüşvət qarşılığında kömək edən bu şəxsləri Türkiyədən tələb edəcək. Və amerikalılar türklərin bu şəxsləri verməyəcəyini də bilirlər. Çünki Ərdoğan bu şəxsləri ABŞ-a verərsə, bu, Türkiyənin haqsız vəziyyətə düşməsi, “17-25 dekabr” əməliyyatının doğru olduğunun etirafı və növbəti tələblərin gəlməsi deməkdir. Rüşvət alan nazirlərin həbs olunmamasındakı səbəb bu ola bilər.

ABŞ isə rüşvət faktlarını ortaya çıxarmaqla həm FETÖ-yə bəraət qazandırır, həm Türkiyə ictimaiyyətini AKP-yə qarşı qaldırır, həm də embarqonun dəlinməsində iştirak edən şəxsləri tələb edərək, Ankaranın Fətullah Gülənin Türkiyəyə verilməsi tələbi qarşısında maneə yaradır. Yəni Ankara Güləni tələb edərsə, Vaşinqton da həmin şəxsləri tələb edəcək.

İKİNCİ HİSSƏ – Türkiyədə xaos yaratmaq: Zərrabın indiyə qədər dedikləri baş vermiş faktlardır və güman ki, hələ etirafları başa çatmayıb. Lakin o da dəqiqdir ki, bundan sonra Zərrabın dediyi hər şey Türkiyədə ictimai rezonans doğuracaq. ABŞ-ın istəyi də budur. Çünki ikinci hissədə ABŞ-ın hazırladığı “etiraflar” dövriyyəyə girəcək və ilk hissədə doğruları açıqlayan Zərrabın ikinci hissədə açıqlayacağı dezinformasiyalar da həqiqət olaraq qəbul ediləcək. Zərrabın məhkəməsinə paralel olaraq Türkiyədə CHP lideri Kamal Kılıçdaroğlunun Ərdoğan və ailəsi haqda sənədlər açıqlanması xaos planının dövriyyəyə girdiyini göstərir.

Xaos ssenarisi: Yaxın günlərdə ana müxalifət olan CHP “rüşvət” iddiaları ilə AKP-yə qarşı mitinqlərə başlaya bilər; Zərrab isə ABŞ-da Ərdoğanın adının keçdiyi “faktlar” açıqlayacaq; Nəticə etibarilə ana müxalifətə Ərdoğanın istefasını tələb etmək üçün əsas veriləcək; ən təhlükəli məqam mitinqlərdə terror aktlarının törədilməsi ola bilər, hansı ki, təcrübə bunu istisna etmir; Bu isə Türkiyədə xaosun başlanmasına gətirib çıxara bilər.

ABŞ bacararsa, Ərdoğanı devirmək, bacarmarsa, ən azından onun istəyi ilə hərəkət etmək vəziyyətinə salmaq istəyir. Lakin bu, heç də asan görünmür. Çünki: Türkiyə İrana qarşı ABŞ sanksiyalarına qoşulmamışdı; İranla aparılan ticarət isə Türkiyənin daxili işidir və heç bir beynəlxalq qanuna zidd deyildi; Bu baxımdan, ABŞ-ın Türkiyədə nəyəsə nail olacağı çox az ehtimaldır, lakin xaos yaratmaq üçün müxtəlif yollara əl atacağı da istisna deyil.

Amerikanın özü də Zərrab məsələsi ilə Ərdoğanı devirə bilməyəcəyini anlayır. Lakin bu iş üzərindən hərəkət etməklə Türkiyəni öz yanına çəkməyə cəhd edir. Digər tərəfdən, Zərrab işi həm də Türkiyənin ABŞ konsulluğundakı casusu – Metin Topuzu həbs etməsinə, ardınca PYD-nin sözçüsü Talal Silonu ələ keçirərək, Amerikanın terror təşkilatına necə dəstək verdiyini etiraf etdirməsinə qarşı əks həmlədir.

Hadisələrin inkişafını Amerikanın Zərraba hansı “etirafları” etdirəcəyi müəyyən edəcək. Lakin qarşıdakı dövrdə Türkiyə-ABŞ qarşıdurmasının daha da kəskinləşəcəyi aydın görünür.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *