Ziya Məmmədovun icra başçısı ilə şifrəli telefon danışığı
Metropolitenin sabiq şefi Tağı Əhmədov “burcutma”, “nə cızıldayırsan orda” kimi qanadlı ifadələri illər öncə deyib. Amma bu gün də dillərdədir, Tağı Əhmədovun adı çəkiləndə yada düşür. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun da ara leksikonu varmış. Bu günlərdə işdən azad edilən dayısı oğlu, Quba rayonunun keçmiş icra hakimiyyəti başçısı Yaşar Məmmədova zəng vurub və ona vəzifədən uzaqlaşdırılmasına görə “çaşmamağı” tapşırıb. Bunu Yaşar Məmmədov özü unikal.org-a müsahibəsində deyib. Düz edib deyib, səhv edib, bu ayrı söhbətin mövzusudur. Amma dayıoğlu-bibioğlu arasında olan məsələ də deyil. İşdən qovulan iki məmur söhbət edib, biri o birinə “çaşma” deyib. Və bu məsələni tərəflərdən biri mətbuata çıxarmaqla digərinə “ayı xidməti” göstərib.
Deməli, Yaşar Məmmədov Ziya Məmmədovun bibisi oğludur, keçmiş polisdir, daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub. Ağdaş Rayon Polis İdarəsinin rəisi olub. 2010-cu ildə isə polis mundirini məmur kostyumuna dəyişib. 5 il Ucar rayonunun icra hakimiyyəti başçısı işləyib, 2015-ci ildə isə bu vəzifədən Quba Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə keçirilib. Hər iki rayon vaxtilə Ziya Məmmədovun de-fakto “qubernatorluğuna” daxil idi.
Dekabrın 2-də sabiq nazirin qohumunu işdən çıxarıblar. Z.Məmmədov xəbəri eşidib-eşitməz dayısı oğlunun nömrəsini yığıb və sabiq başçıya öyüd-nəsihət verib. Bu haqda keçmiş icra başçısı deyib: “Ziya Məmmədov özü zəng vurdu. Bəzi məsləhətlərini verdi. Bildirdi ki, birdən çaşıb hansısa fikir söyləyərsən? Çaşarsan ha birdən... Məni bu məsələdə diqqətli olmağa çağırdı”.
Y.Məmmədov “uşaq olmadığını” Ziya Məmmədovun nəzərinə çatdırıb: “Dedim harada nəyi danışmağın lazım olduğunu yaxşı bilirəm. Onu bu məsələdə narahat olmamağa çağırdım”.
Maraqlıdır ki, Ziya Məmmədov dayısı oğluna “Çaşarsan ha birdən...” deməklə onu nələri dilə gətirməkdən çəkindirməyə çalışıb? İcra başçısı nə deyə bilərdi ki, Ziya Məmmədov sonradan bunu çaşmaq kimi qiymətləndirə bilərdi?
Ziya Məmmədovun çağırışından belə nəticə də çıxarmaq olar ki, əvvəllər Y.Məmmədovun “çp”ləri olub. Hər halda, “Çaşarsan ha birdən...” fikrini Z.Məmmədov elə-belə deməyib, ortada gizli qalınması istənilən məsələlər var.
Mənbə:> XalqXeber.az