Hakimiyyətə gələriksə hər bir ailənin bank hesabına 10 min manat pul yatıracağıq – Razi Nurullayevin qadınlarla görüşündən reportaj
AXCP sədri Razi Nurullayev qadınlarla görüş keçirib.
Razi Nurullayev görüşə gələn qadınları salamladıqdan sonra qadınların cəmiyətdəki rolundan danışıb:
"Azərbaycan qadınları hər bir zaman Azərbaycan cəmiyətinin dirəyi, bel sütunu olub. Ancaq Azərbaycan qadının cəmiyətdəki hazırki vəziyyəti bizi qane etmir. Digər ölkələrlə baxdıqda bizim qadınlar daha çox əziyət çəkir. Bu gün Azərbaycan qadını ailəsini dolandırmaq üçün kişilərlə birlikdə işləyir, çətinliklər çəkir. Çox əfsuslar olsun ki, kəndlərdə yaşayan qadınlarımızın həyatı daha acınacaqlıdır. Şəhərdə yaşayan qadınlar isə ağır sosial vəziyətə görə yaxşı yaşadığını deyə bilmərik. Ailədə ən ağır yük qadınlarımızın üzərinə düşür. Ancaq bununla bərabər Azərbaycan qadını çəkdiyi əməyin qarşılığın ala bilmir".
Qadınların pensiya yaşına gəldikdə isə AXCP sədri bildirdi ki, pensiya yaşı çoxdur:
"Biz qarşımıza məqsəd qoymuşuq ki, qadınların pensiya yaşı 55 yaşa endirilsin. Azərbaycan qadının ingilis, alman qadınından nəyi əskikdir? Azərbaycan qadını üçün daha yaxşı şərait qurmaq üçün Azərbaycan dövlətinin əlində kifayət qədər imkan var. 2018-ci ildə prezident seçkilərində sona qədər mübarizə aparacağıq. Əgər biz hakimiyyətə gələriksə hər bir ailənin bank hesabına 10 min manat pul yatıracağıq. Bu torpağın altında və üstündə olan sərvət bizimdir və bu sərvətlər bərabər bölünməlidir. Azərbaycanda bir uşaq dünyaya gələndə ailə sevinir ancaq sonra bunun əziyyətini çəkir. Bizim əsas siyasətlərimizdən biri də bu olacaq ki, hər doğan ailəyə 1000 manat pul yatırılsın və uşağın 3 yaşına qədər bütün xərclərini dövlət qarşılasın. Dövlət vətəndaşının arxasında durmalıdır. Bu gün dövlət ailələri quldarlıq quruluşu prinsipləri ilə hərəkət edən banklarla üz-üzə qoyub. Deyirlər, Azərbaycanda xəstəxanalar pulsuzdur. Mən özüm də dünyaya rüşvətlə gəlmişəm. İndi də Azərbaycanda dünyaya gələn insanlar rüşvətlə gəlir, rüşvətlə gedir. Azərbaycanda dəmir yumruğa ehtiyac var. Qanun işləmir, əgər qanun işləmirsə qanunu pozanlar əzilməlidir".
Qadına qarşı zorakılıqla bağlı danışan Razi Nurullayev qeyd edib ki, qadınlar öz hüquqlarını bilməlidir:
"Müsəlman qadını o demək deyil ki, qapazaltı olmalıdır, döyülməlidir. Zorakılığa məruz qalan qadınlara dövlət sahib çıxmalıdır. Qadınlara qarşı zorakılığa görə dövlət məsuliyət daşıyır. Elə bir kübar dövlət yarada bilərik ki, Azərbaycan qadınının yaşayışı digər ölkələrə nümunə göstərilsin".
Qız uşaqlarının təhsili ilə bağlı isə partiya sədri bunları dedi:
"Hər şeydən öncə qızlara təhsil verilməlidir. Birinci təminat qadın üçün olamlıdır. Təhsil, iş lazımdırsa birinci qadınlara verilməlidir".
Çıxışının sonunda Razi Nurullayev qadınlara üz tutaraq bildirdi ki, bizim siyasətimizin təməl prinsiplərindən biri qadınların yaxşı yaşamasıdır. Buna görə də, sizi bizə dəstək verməyə çağırıram.
Qadınlara həmişə önəm vermişəm və bu gün Mehriban Sadıqovanı partiya sədrinin müavini təyin edirəm.
Razi Nurullayevin çıxışı bitdikdən sonra görüş iştirakçısı olan qadınlar çıxış etdilər. Qadınlar öz həyat şəraitlərindən, problemlərindən danışdılar.
Qadınların çıxışından sonra söz AXCP sədri Razi Nurullayevin müavini Ehtiram Mehtiyevə verilib. Sədr müavini qadınları salamladıqdan sonra qadınların probleminə toxunaraq, buna görə mübarizə aparacaqlarını bildirib.
"Azərbaycan 1918-ci ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verildi. Biz çalışacağıq ki, qadınların, ailələrin hüquqlarını qoruyaq. Bu yoldan çəkilməyəcəyik və siz qadınları da bu mübarizədə yanımızda görmək istəyirik", - deyə Ehtiram Mehtiyev deyib.
Sonda qərara alındı ki, bu kimi görüşlər tez-tez keçirilsin.
Mənbə:> Ölkə.az