Hakim ailənin üzvləri işgəncə altında: ayaqlarından asırlar, döyürlər, şillələyirlər... – AMERİKADAN MUZDLULAR GƏTİRİLİR
Səudiyyə Ərəbistanında noyabrın əvvəllərindən korrupsiya şübhəsi ilə həbsdə olan kral ailəsi üzvləri və biznesmenlər saxlanıldıqları oteldə işgəncələrə məruz qalırlar. Virtualaz.org xəbər verir ki, bu haqda “The Daily Mail” Səudiyyə Ərəbistanındakı mənbələrə istinadən yazır.
Məlumata görə işgəncələri Amerika özəl hərbi şirkətinin əməkdaşları verir. Bu, əvvəllər “Blackwater” adlanan və İraqda, Əfqanıstanda xüsusi amansızlığı ilə ad çıxaran muzdlulardan ibarət “Academi” şirkətidir.
“Onları döyürlər, işgəncə verirlər, şillələyirlər və təhqir edirlər. Onları sındırmaq istəyirlər”-mənbə deyib. İşgəncə növləri arasında tutulanları ayaqlarından başı aşağı asmaq da yer alır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında kral Salmanın varisi şahzadə Məhəmməd bin Salman hakim ailənin üzvləri də daxil olmaqla yüzlərlə şahzadəni, biznesmeni həbs etdirib. Onlar Ər-Riyaddakı Ritz Carlton otelində saxlanılır.
Otelin çölündə Səudiyyə xüsusi xidmətlərinin zirehli avtomobilləri növbə çəkir. İçəridə isə özəl hərbi şirkətin əməkdaşlarıdır. Qəzet yazır ki, vəliəhd şahzadə özü də şəxsən dindirmələrdə iştirak edir. O, indiyə qədər saxlanılan şahzadələrdən və biznesmenlərdən 194 milyard dollar qopara bilib.
Qəzetin yazdığına görə saxlanılanlardan birini-7 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin adamlarından olan şahzadə Əl-Valid bin Talalı da “Academi” şirkətinin muzdluları ayaqlarından asıblar. Saxlanılanların hamısının bank hesablarına həbs qoyulub, hakimiyyət qonşu ölkələrin mərkəzi banklarına sorğu verib ki, tutulanlara aid hesablar barədə məlumat təqdim etsinlər.
Mənbə:> virtualaz.org