Gəncə İcra Hakimiyyətinin xanım işçisindən rəisinə şok ittiham
Azərbaycanın dövlət təşkilatlarında daha bir qısnama hadisəsi qeydə alınıb. Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, 58 yaşlı Məharət Mustafayev işçisi - 27 yaşlı Gülnar Günəşliyə intim təklif edib. Qadını təqib edən M. Mustafayev razılıq ala bilmədikdə onu sıxışdıraraq intihar həddinə çatdırıb.
Bu şikayətlə musavat.com saytının redaksiyasına G. Günəşli özü müraciət edib. Şikayətçi deyir ki, 2013-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətində memar vəzifəsinə işə götürülüb. 2016-cı ildə Məharət Mustafayev Gəncə İH-nin Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin olunana qədər G.Günəşli sakit həyatını yaşayıb, 2 övladını böyüdüb. Yeni rəisin də ilk günlər işçisinə qarşı münasibəti normal olub. Lakin həmin dövrdə G.Günəşli həyat yoldaşından ayrılıb. Bundan sonra isə xanım işçinin pis günləri başlayıb.
G. Günəşlinin sözlərinə görə, M.Mustafayevin təqib və təzyiqləri bu gün də davam edir : “Bu il avqustun 11-də Məharət Mustafayevin dözülməz təhdidlərindən can qurtarmaq üçün Bakıya gəldim. Buna qədər şikayət etmədiyim dövlət qurumu qalmamışdı. Özümü yandırmaq da istərdim, benzini üstümə tökdüm, amma polis əməkdaşları özümü öldürməyə imkan vermədilər. Tutub Səbail Rayon Prokurorluğuna gətirdilər. Orada başıma gələnləri danışıb niyə intihar etmək istədiyimi, məni bu həddə Məharət Mustafayevin çatdırdığını ətraflı danışdım. Ümidli idim ki, şikayətimi araşdırıb nəhayət ki, Məharət Mustafayevi cəzalandırarlar. Amma tam əksi oldu. Məharət Mustafayev mənə özümü öldürməkdən başqa yol qoymayıb”.
Şikayətçi deyir ki, 2016-cı ildən bu yana iki dəfə işdən çıxmaqla bağlı ərizə yazsa da, M. Müstafayev ərizəsini qəbul etməyib. Məharət Mustafayev icra hakimiyyətinin mühafizə polisinə göstəriş verərək ”hə “ cavabı verməyən G. Günəşlini idarədən çıxarıb.
G.Günəşli deyir ki, bundan sonra onun otağını möhürləyib, özünü isə işə buraxmayıblar. Otaqdakı əşyalarını götürməsinə çox ciddi əngəllər olub.
Şikayətçi deyir ki, avqustun 11-də Bakıda özünü yandırmağa cəhd etdikdən az sonra icra başçısı zəng vuraraq onun işdən çıxarılmadığını, geri qayıdıb işinə davam edə biləcəyini deyib: “Başçının qəbulunda olan zaman əl çantamı qəbul otağında qoymuşdum. Çıxanda gördüm ki, çantama müdaxilə ediblər, mobil telefonumu götürüb suya salıblar, yararsız hala gətiriblər”.
G.Günəşli deyir ki, bu qanunsuz qərardan sonra Gəncə şəhərinə qayıtmağa qorxur. Bakıda qalması üçün isə maddi vəsaiti yoxdur: “Bütün səfirliklərə məktublar yazıb başıma gətirilən müsibətlər haqda məlumat vermişəm. 27 yaşım var, mən qərara gəlmişəm ki, uşaqlarımı da götürüb ölkədən çıxım. Ya da özümü öldürməyə məcburam”.
Mənbə:> virtualaz.org