Azərbaycanda oğru və quldurlar son bir həftədə nə işlər görüblər...
Son vaxtlar Azərbaycanda mənzillərə soyğunçuluq xarakterli quldur basqınlarının sayı artıb. Daxili İşlər Nazirliyinin kriminal xronikasında demək olar ki, hər gün belə hadisələrə rast gəlinir. Hətta pul və qiymətli əşyalar üçün evə hücum edən quldurların ailə üzvlərini təhdid etməsi, xəsarət yetirməsi halları da intensivləşib. Yəni soyğunçular qarət üçün heç də boş ev seçmirlər.
Məsələn, ötən gün Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan 66 yaşlı Gülnaz Abdullayevanın evinə maskalı şəxslər basqın ediblər. Evi qarət etmək üçün gələn quldurlar qadının əl-qolunu bağlayıblar. Evdən 5000 manat pul götürdükdən sonra hadisə yerindən uzaqlaşıblar.
Daha bir qarət hadisəsi Nizami rayonunda baş verib. Soyğunçular Y.Maksimovun evinə aldatma yolu ilə girərək ağzını yapışqanlı lentlə bağlayıblar. Oradan 2 min beş yüz manat, 6 min ABŞ dolları və 22 min 750 rubl pul və qol saatı aparıblar. Ötən həftə Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə basqın edən şəxslər onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçiriblər. Nəsimi rayonu Azadlıq prospektindəki mağazaların birində 30 min manatlıq soyğunçuluq faktı qeydə alınıb.
Digər qarət hadisəsi Hacıqabulda baş verib. Şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə bir neçə maskalı şəxs girib. Onu və qızı Rəhiməni bıçaqla hədələyən lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov və daha iki nəfər tutulub.
Ötən həftə Abşeron rayonunda da qarətçilər evdən 62 min avro oğurlayıblar. Daha bir evdən oğurluq hadisəsi Neftçala rayonunun Qaraqaşlı kəndində baş verib. Kənd sakini Sevda Həsənova polis şöbəsinə müraciət edərək yaşadığı evdən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulun oğurlandığını bildirib.
Oktyabrın 27-də Mingəçevir şəhərində mənzildən dəyəri 1000 manat olan məişət və ustaya aid təmir əşyalarının oğurlanıb. Ucarda da rayon sakini Mehriban Məmmədovanın evindən 1200 manat və qızıl-zinət əşyaları oğurlanıb. Quba rayonunun Qorxmazoba kənd sakini Sahil Mursalov ev sahiblərinin olmamasından istifadə edərək pəncərədən daxil olmaqla evdən 1100 manat və 100 ABŞ dolları, habelə qızıl əşyalar və təqaüd kartı oğurlayıb.
Son bir həftə ərzində ölkə ərazisində 10-a yaxın belə hadisə qeydə alınıb. Doğrudur, bu hadisələrin bir qismi isti izlərlə açılıb, lakin ümumilikdə qarət və quldurluq hallarının intensivliyi narahatlıq yaradır.
Digər tərəfdən isə, bu günlərdə Milli Məclisdə Cinayət Məcəlləsinə humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması ilə bağlı edilən 300-ə yaxın dəyişiklik belə quldur dəstələri ilə mübarizəni çətinləşdirə bilər. Belə ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunacaq. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb. Cəzaların yumşaldılması oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, soyğunçuluq, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, əmlakı məhv etmə və ya zədələmə və digər bu kimi cinayətlər törədən şəxslər cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququ məhdudlaşdırılır.
Keçmiş polis rəisi Mahmud Hacıyev problemlə bağlı bildirir ki, insanların özləri təhlükəyə hazırlıqlı və müdafiə ilə bağlı maarifli olmalıdırlar. Ekspert deyir ki, bizdə ov tüfəngi ilə özünü müdafiəyə icazə verilir. Əgər şəxsin evinə hər hansı hücum olarsa, özünün və ya ailə üzvlərinin həyatı təhlükədə olarsa, bu silahla müdafiə oluna bilər.
Bütün bunlarla yanaşı, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı son vaxtlar silahlı qarətlərin artması barədə xüsusi narahatçılıq duymur. Çünki hesab edir ki, insan, cəmiyyət varsa cinayət də olmalıdır.
“Lakin əlbətdə ki, cinayətlərin sayında artım olursa, ötən illərə nisbətən ağır cinayətlər daha çox baş verirsə bundan narahat olmaq lazımdır, çünki dövlət, hüquq-mühafizə orqanları çalışmalıdır ki, cinayətlərin sayını azaltsın. Ancaq bu, bir sıra amillərdən, əsasən də sosial-iqtisadi problemlərin azalmasından asılıdır. Çünki cinayətlərin əksəriyyəti iqtisadi çətinliklərdən doğan tamah motivi ilə əlaqədardır”-keçmiş polis zabiti deyir.
Mənbə:> virtualaz.org