“Böyük adamların” adından istifadə edən Vəsaitin daha bir əməli üzə çıxdı
Bakının Xəzər rayonu ərazisində fəaliyyət göstərən və özünü yüksək mənsəbli şəxslərin adamı kimi təqdim edən torpaq dəllalı Vəsait (yaxud Vəsahid) Məlikovun daha bir əməli üzə çıxıb. Bu dəfə məlum olub ki, həmin şəxs özəlləşdirilmiş torpaq satmaq adı altında Masallı rayon sakini Mehdiyev Pərviz Vidadı oğlunu və atasını aldaraq onların on minlərlə manatını mənimsəyib.
Virtualaz.org avqust ayında bir qrup zərərçəkənin redaksiyamıza müraciətləri əsasında Vəsahid Mehdiyevin əməlləri haqda yazmışdı. Məlum olmuşdu ki, həmin şəxs əslində kənd təsərrüfatı məqsədi ilə Abşeron rayon İcra Hakimiyyətindən uzunmüddətli icarəyə götürdüyü torpaqları bölərək ayrı-ayrı şəxslərə özəl mülkiyyətdə olan torpaq sahəsi adı altında satıb, lakin daha sonra vəd etdiyi “kupça” əvəzinə alıcılara torpaq sahəsinin icarə əsaslı istifadəsi üçün notariusdan alınmış etibarnamə verib. Aldadıldığını başa düşən torpaq alıcıları Vəsaitdən vəsaitlərini geri almaq istəsələr də o, müxtəlif bəhanələrlə vaxtı uzadıb, daha sonra telefon nömrəsini dəyişərək “əhatə dairəsindən” çıxıb. Nəticədə çoxsaylı zərərçəkənlər Vəsaitin əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etməli olublar.
Belə məlum olur ki, zərərçəkənlərin şikayətlərinə baxmayaraq Vəsait Məlikovun barəsində hələ də tədbir görülməyib və onun əməllərindən yeni-yeni zərərçəkənlər ortaya çıxır. Redaksiyamıza müraciət edən həmin Masallı sakini Pərviz Mehdiyev bildirir ki, 2015-ci ilin payızında atası Vidadi Xəzər rayonu ərazisindən 1.2 hektar torpaq almaq fikrinə düşüb. Mehdiyevin qonşusu olan Vəsait Məlikov onun niyyətindən xəbər tutanda bildirib ki, həmin ölçüdə özəlləşdirilmiş torpaq sahəsini ucuz qiymətə, sotunu cəmi 500 manata təşkil edə bilər.
Pərviz Mehdiyevin dediyinə görə, o və atası Vəsaitlə qonşu olduqlarını, habelə bu torpaq dəllalının həmişə rəsmi görkəmdə gəzib “böyük adamlarla” əlaqələrinin olduğunu deməsini nəzərə alaraq verilən vədə inanıblar. Vəsait isə bildirib ki, torpaq sahəsini özəlləşdirmək üçün avans ödəmək lazımdır. Nəticədə 2015-ci il oktyabrın 4-də Pərviz Mehdiyev və atası Vəsaitə 25 min manat, üç gün sonra 7500 manat, nəhayət oktyabrın 25-də daha 5 min manat (cəmi 37.5 min) verir. Hər dəfə Vəsait Məlikov pulları alanda bunu öz dəst-xətti və imzası ilə təsdiq edir.
Ancaq Vəsait sənədləşmə işlərini müxtəlif bəhanələrlə xeyli uzadır. 2016-cı ilin dekabrında Pərvizin atası Vidadi vəfat edir. Bundan sonra Pərviz Mehdiyev vəd olunan “kupça”dan ümidini üzməyə başlayır. Vəsaitdən tələb edir ki, ya vəd etdiyi sənədi versin, ya pulları qaytarsın. Vəsait vaxtı bir qədər də uzadır, nəhayət “kupça” əvəzində icarə haqqında müqavilənin surətini və torpaqdan istifadə hüququ verən etibarnaməni verir. P.Mehdiyev aldadıldığını nəhayət dərk edir. Ancaq Vəsaitdən pullarını ala bilmir. Torpaq dəllalı müxtəlif bəhanələr gətirir, nəhayət telefon zənglərinə cavab vermir və aradan çıxır.
Zərərçəkən çıxış yolunu başına gələnlərri mətbuata çıxarmaqda və Baş prokuror Zakir Qaralova ərizə ilə müraciət etməkdə görür. Pərviz Mehdiyev Baş prokurora yazdığı və məzmunu yuxarıda göstərilənlərdən ibarət olan məktubunun surətini də redaksiyamıza təqdim edib. Xahiş edir ki, yüksək mənsəbli bəzi şəxslərin adından istifadə edərək ona və başqalarına qarşı dələduzluq əməli törətmiş V. Məlikovun barəsində qanunlar əsasında tədbir görülsün.
Belə görünür ki, Vəsait Məlikovun əməllərindən zərər çəkənlərin sırası V.Mehdiyevlə bitmir. Məlumatlara görə o, illərdir eyni sxemlə on hektarlarla torpaq sahəsini müxtəlif şəxslərə “özəl mülkiyyətdə olan torpaq sahəsi” adı altında satıb. Vəsait Məlikovun bəzi iri tikinti şirkətlərini də eyni sxemlə aldatmağa nail olduğu bildirilir.
Mənbə:> Virtualaz.org