Leyla Əliyeva: Bugünkü axşam sevgi ilə doludur – FOTO
“Jara” Beynəlxalq Musiqi Festivalının qırmızı xalı üzərindən ənənəvi keçid mərasimi başa çatdıqdan sonra aparıcılar musiqi bayramının fəxri qonaqları sırasında olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mikrofon önünə dəvət ediblər.
AzNews.info Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyeva festival iştirakçılarını, qonaqları salamlayıb və aparıcının “İnsanlar sadəcə heyrət içərisindədirlər. Bütün artistlər deyirlər ki, burada özlərini evlərindəki kimi hiss edirlər. Siz buna necə nail olursunuz?” sualını cavablandıraraq deyib: “Bura Bakıdır, həmişə olduğu kimi, hərarətli və mehriban, ən başlıcası isə xeyirxah insanlar. Əlbəttə, hamı birdir - burada yaşayanlar da, buraya qonaq gələnlər də. Bugünkü axşam sevgi ilə doludur. Buna görə çox sağ olun. Hamınıza təşəkkür edirəm, xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı, sevgi arzulayıram. Çox sağ olun ki, bu gün burada bizimləsiniz. Bu axşam bizim hamımıza görə, burada iştirak edən hər kəsə görə çox gözəldir”.
Bundan əvvəl “Jara-2017” festivalının üçüncü gününün qırmızı xalı üzərindən keçən iştirakçıları jurnalistlərin suallarını cavablandırıb, Bakı və festivalla bağlı təəssüratlarını bölüşüblər.
Rusiyanın Xalq Artisti, parodiyaçı Vladimir Vinokur qırmızı xalı üzərindən keçərkən Bakı və festival haqqında fikirlərini yumoristik şəkildə belə ifadə edib: “Rusiyanın soyuq havası məni bezdirdi. Buna görə də Bakıya, dünyanın ən hərarətli şəhərinə gəldim”.
Bakıya üç gün əvvəl gələn həmkarlarına qibtə etdiyini bildirən Belarusun Əməkdar Artisti Anjelika Aqurbaş deyib: “Bakıya bu gecə gəlmişəm. Festivala hazırlaşırdım. “Jara”ya yalnız gözəl zahiri görkəmlə deyil, hazırlıqlı gəlmək lazımdır. Bu gün “Luçşıy tebya net” mahnısını oxuyacağam. Bu mahnı məhz “Jara”ya həsr olunub. Doğrudan da bu festivaldan yaxşısı yoxdur”.
Qırmızı xalı üzərindən keçən Aleksandr Revva Azərbaycan dilində bu sözləri səsləndirib: “Mən səni sevirəm, Bakı”. İnna Malikova isə belə deyib: “Bakıya - bu gözəl şəhərə gəlməyimdən məmnunam. Burada çəkdirdiyim fotoşəkilləri instaqramda yerləşdirəcəyəm”.
Filip Kirkorov qırmızı xalı üzərindən keçərkən aparıcılar ondan “Jara”ya niyə gec gəldiyinin səbəbini soruşublar. O, sualı belə cavablandırıb: “Diqqətimi festivalın əsas gecəsinə - Alla Puqaçovanın gecəsinə toplayırdım”. Alla Puqaçovanı virtuoz sənətçi adlandıran Filip Kirkorov onun ifasının bənzərsizliyini, mahnılarının illərdir sevilə-sevilə dinlənildiyini vurğulayıb.
Festivalın digər iştirakçısı Alessandro Safina Azərbaycan paytaxtına bir neçə dəfə gəldiyini, Bakının gözəl və füsunkar şəhər olduğunu, onu daim özünə cəlb etdiyini deyib.
Qırmızı xalı üzərindən son olaraq EMİN keçib. O, “Jara”da bu gün çox möhtəşəm gecə yaşanacağını, sürprizlərlə zəngin olan konsertin Alla Puqaçova sənətini sevənlərin yaddaşında silinməz izlər qoyacağını qeyd edib.
Qırmızı xalı üzərindən keçiddə Yuliya Lısenko və Slava Nikitin aparıcılıq ediblər.
Xatırladaq ki, “Jara”da üçüncü gecə SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı Alla Puqaçovanın yaradıcılığına həsr olunub.
Mənbə:> AzərTAc