Putin benzinin bahalaşması haqda: “Biz buna imkan vermərik...”
Rusiya prezidenti Vladimir Putin bildirib ki, hakimiyyət ölkədə benzinin qiymətinin süni şəkildə artırılmasına imkan verməyəcək.
Virtualaz.org xəbər verir ki, Putin bu haqda Lebedinsk dağ-mədən kombinatının işçiləri qarşısında çıxışı zamanı deyib.
Putin dünya bazarlarında neftin ucuzlaşdığı halda Rusiyada benzinin nədən bahalaşdığı barədə işçilərin sualına cavab olaraq bildirib ki, qiymətləri süni şəkildə tənzimləmək, aşağı salmaq düzgün deyil. Çünki Rusiyada açıq bazar prinsipləri hökm sürür.
“Lakin hakimiyyət heç bir halda istehsalçılara və topdansatıcılara imkan verməyəcək ki, qiymətləri süni şəkildə qaldırsınlar. Bu, tamamilə aydındır, qiymətlər iqtisadi baxımdan əsaslandırılmış olmalıdır”-Putin deyib.
Rusiya prezidentinin sözlərinə görə, qiymətləri süni şəkildə aşağı salmaq da iqtisadiyyata zərər vura bilər. Digər tərəfdən Rusiyada benzinin qonşu ölkələrdən ucuz satılması üçün gərək “dəmir örtük” çəkəsən. Əks halda benzin qonşu ölkələrə daşınacaq. “Əgər biz istəmiriksə ki, hər şeyi daşıyıb aparsınlar, o zaman ölkə daxilində qiymətləri müəyyən səviyyədə saxlamalıyıq”-Putin əlavə edib.
Mənbə:> Virtualaz.org