Ağ Ev Trampın kürəkəninin Rusiya səfiri ilə görüşdüyünü etiraf edib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ağ Ev Trampın kürəkəninin Rusiya səfiri ilə görüşdüyünü etiraf edib

Ağ Ev Trampın kürəkəninin Rusiya səfiri ilə görüşdüyünü etiraf edib

Ağ Ev prezident Donald Trampın kürəkəni Cared Kuşnerin, keçmiş təhlükəsizlik müşaviri Maykl Flinin də Rusiya səfiri Sergey Kislyakla görüşdüyünü açıqlayıb.

Seçkiöncəsi görüşlər

M.Flinin səfirlə telefon söhbəti ortaya çıxandan sonra o, istefaya getməyə məcbur olmuşdu. Dünən – martın 2-də isə ABŞ-ın baş prokuroru Ceff Seşns Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırmalardan kənar duracağını elan edib. Çünki mətbuat onun da rusiyalı səfirlə görüşdüyünü və bu görüşlərin keçən il – seçki ərəfəsində keçirildiyini aşkara çıxarıb.

“The New York Times”, əslində, keçid hökuməti rəsmilərinin hansısa ölkə rəsmisiylə görüşündə bir qəbahət olmadığını qeyd edir. Amma söhbət Rusiyanın seçkilərə müdaxiləsindən getdiyi vaxtda məhz rus səfiriylə telefon danışıqları, görüşlər, həm də bu görüşlərin seçki ərəfəsinə və seçkidən sonraya düşməsi, üstəlik, rəsmilərin dinləmələrdə bu haqda danışmamaqları, ya da hər dəfə bir cür danışmaqları ABŞ-da əməlli-başlı səs-küy yaradıb.

“The New York Times” qəzeti görüşlərin Rusiyanın seçkiyə müdaxiləsini araşdıran Federal Tədqiqatlar Bürosundan (FBI) ötrü önəmli olduğunu vurğulayır.

Məsələnin yoluna qoyulacağını deyibmiş

Ağ Evin sözçüsü Houp Hiks deyib ki, C.Kuşner başqa ölkələrin də təmsilçiləri ilə, 20-yə yaxın ölkə lideri və təmsilçisi ilə görüşüb. Onun sözlərinə görə, rusiyalı səfirlə toplantıda M.Flin də olub və gələcək müşavirlər ölkələr arasındakı münasibətləri müzakirə ediblər, ünsiyyət yaratmağa çalışıblar.

Halbuki yanvarda M.Flinin səfir S.Kislyakla əlaqəsi haqda suallara cavab verəndə, Ağ Ev onların yalnız telefonla, həm də sanksiyalardan öncə danışdığını bildirmişdi. Sonralar hər şeyin başqa cür olduğu, danışıqların səfir Dövlət Departamentinə çağrılandan, Obama administrasiyası rus diplomatlarını ölkədən qovduğunu bildirəndən dərhal sonra baş tutduğu ortaya çıxdı.

Dövlət Departamentindəki söhbətdən xəbəri olanlar səfir S.Kislyakın sanksiyalara görə qəzəbli olduğunu, Rusiyanın buna cavab verəcəyini dediyini söyləyirlər. Departamenti tərk edəndən sonra isə onun məhz M.Flynə zəngi qeydə alınıb. Sonrakı 36 saat ərzində isə səfirin hər iki zəngdən birini M.Flynə etdiyi müəyyən olunub. Kəşfiyyat agentliklərinin əldə etdiyi səs yazıları M.Flynin rusları sanksiyalara cavab verməməyə çağırdığını, D.Trampın prezidentliyi dövründə münasibətlərin yoluna qoyulacağını dediyini göstərib. Amma sonrakı müsahibələrində müşavir bu haqda doğru-dürüst məlumat vermirdi, elə ona görə də cəmi 3 həftədən sonra vəzifədən getməli oldu.

“Bütün diplomatlar belə edir”

Ağ Evin M.Flinin, C.Kuşnerin səfirlə görüşü haqda açıqlaması yeni suallar yaradıb. D.Trampa yaxın olanlardan, seçki kampaniyasının təşkilatçılarından daha kimlərin rus rəsmiləriylə görüşdüyü, hansı məsələləri müzakirə etdiyi, bu görüşlərin tez-tezmi, ya təsadüfənmi baş tutması qaranlıq qalır.

Rusiyanın ABŞ-dakı səfiri S.Kislyak keçmiş təhlükəsizlik müşaviri M.Flinlə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. “Bütün diplomatlar belə edir”, – səfir “The Washington Post” qəzetinə müsahibəsində deyib. Amma M.Flinlə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.

AP agentliyi və “USA Today” qəzeti isə D.Trampın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Karter Peycin, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor C.D.Qordonun da “Heritage”» fondunda Rusiya səfiriylə görüşdüyünü yazır. C.Seşnsın səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *