Bakı-Sumqayıt yolu bağlandı – VİDEO+FOTO (YENİLƏNİB)
Bakı-Sumqayıt-Quba avtomobil yolu qarla örtülüb.
AzNews.info xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol zolağı qarla örtüldüyündən avtomobillərin hərəkətində çətinlik yaranıb.
Yolda artıq hərəkət məhdudlaşdırılıb. Yolda uzun tıxaclar yaranıb. Dövlət Yol Polisinin Saray postundan Bakı istiqamətinə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
12:09
“Azəravtoyol” ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək məqsədilə gecə boyu, səhər saatlarında və hal-hazırda işlər aparılır.
AzNews.info-nun məlumatına görə, bunu APA-ya “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.
A.Nəcəflinin sözlərinə görə, hər hansı ərazidə problem olduqda həmin yerlərə dərhal ASC-nin qüvvələri göndərilir. “Bakı-Sumqayıt, Bakı Dairəvi yolu, Yeni Yasamal və bu kimi digər problemli ərazilər öncədən nəzarətə götürülüb. 1000-dən artıq maşın-mexanizm respublika yollarında, Bakı şəhərində isə 300-dən artıq texnika xidmət göstərmək üçün hazır vəziyyətdədir və ərazilərə cəlb olunub. Duz, qum ehtiyatı isə kifayət qədərdir”, - deyə qurum rəsmisi əlavə edib.
A.Nəcəfli sürücülərin məsuliyyətsizliyindən də gileylənib: “Mən hazırda Bakı-Sumqayıt yolundayam və adıçəkilən yolda heç bir problem yoxdur. Lakin bir çox hazırlıqsız sürücülər var ki, belə havada yola çıxıblar, qəza durma işığını yandırıblar və çox aşağı sürətlər hərəkət edirlər. Çünki avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib. Bu, həmçinin Rusiya istehsalı olan avtomobillərə də aiddir. Ona görə də müəyyən ərazilərdə sıxlıq yaranır. Bu vəziyyət bizim maşın-mexanizmin hərəkətinə də maneə yaradır. Avtomobillərimiz iriqabaritli və ağırdır. Yollarda yaranan problemə görə avtomobillər də vaxtında lazım olan əraziyə çata bilmir. Buna baxmayaraq, yolların qardan təmizlənməsi işləri davam etdirilir”.
Post by aznews.info.
Mənbə:> Trend / APA / Report