“Ölkəni monopoliya bürüyüb, biabırçılıqdır...”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda “ Rəqabət Məcəlləsi haqqında” qanunun hələ də qəbul edilməməsinə görə kəskin tənqidi debatlar olub. Deputat Vahid Əhmədov 10 ildir bu qanunun qəbul edilməsinə imkan verilmədiyini deyib. Bildirib ki, qanun layihəsi Milli Məclisdə iki dəfə oxunuşdan keçib. Lakin üçüncü oxunuşda geri qaytarılıb.
“Prezident “Strateji Yol xəritəsini” imzalayıb. Buna görə bir sıra qanunlar qəbul olunmalıdır. “Hesablama Palatası” haqqında təzə qanun qəbul etməliyik. Hər il biz bu məsələni qaldıranda deyirlər ki, nazirlik üstündə işləyir. Amma qanun layihəsi yoxdur. Buna görə də bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir. Bu qanun varsa, niyə qəbul etmirik? Demək ki, o zaman biz cənab prezidentin “ Strateji yol Xəritəsi” ndə göstərilənləri qəbul etmirik?”-son vaxtlar hökumətin iqtisadi sahədə fəaliyyətini tez-tez tənqid edən deputat çıxışında deyib.
Vahid Əhmədovun sözlərinə görə Azərbaycanda yaranmış indiki vəziyyətdə Milli Məclisin günahı hamıdan çoxdur. Çünki Milli Məclis lazım olan qanunları qəbul etmiri. Kiminsə mənafeyini müdafiə etmək məcburiyyətində qalır.
“Üçüncü bir qanun layihəsi “Maliyyə nəzarəti haqqında” qanun layihəsidir. İndi biz bank sistemini ayırdıq, palata yaratdıq. Bank sistemi düzəldimi? Biabırçılıqdır. Necə var idisə, ondan da pis vəziyyətdə davam edir. Biz təşkilatı yaradanda mən dedim ki, lazım deyil. Bu indiki halda Azərbaycana heç bir xeyir verən deyil. Amma indi Mərkəzi Bankla Palata arasında müəyyən mübahisəli məsələlər gedir. Bank sistemini biz bu gün sağlamlaşdıra bilmirik. Ona görə bu qanunun qəbul etmək sərf eləmir. Çünki bu gün Azərbaycanda müəyyən qurumlarda maliyyə maxinasiyaları gedir. Təklif edirəm ki, üç qanun layihəsi gündəliyə salınsın”-Vahid Əhmədov bildirib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, “Rəqabət Məcəlləsi haqqında” qanun Milli Məclisə daxil olmayıb: “Daxil olsun ki, biz onu qəbul edək. Prezident Adminstrasiyasında, müvafiq nazirliklərdə üzərində işləyirlər. Bu günə qədər iş planına salınan qanunların hamısı Milli Məclisdə qəbul olunub Ona görə də indiki yaranmış vəziyyətə görə Milli Məclisi günahlandırmaq doğru deyil”.
Millət vəkili Əli Məsimli qeyd edib ki, hər iki qanun dünyanın bütün ölkələrində qəbul olunub: “Amma bizdə bu qəbul olunmur. Ona görə də iqtisadiyyatımızda fəsadlar baş verir. Tez zamanda onu qəbul etməliyik”
Millət vəkili İlham Əliyev bildirib ki, bu qanun gəlmirsə onda gedib Prezident Administrasiyasından yapışmaq lazımdır. (qafqazinfo.az və modern.az-ın xəbərləri əsasında)
Mənbə:> Virtualaz.org