Ərdoğan: Türkiyəni diz çökdürmək istəyirlər
Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunurlar.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa vilayətində çıxışı zamanı deyib.
“Terrorçuları silahlandırır və maliyyələşdirirlər. Məqsəd – Türkiyəni diz çökdürməkdir. Lakin bu alınmayacaq, və Türkiyə öz yolu ilə getməyi davam edəcək. PKK, İŞİD və FETÖ (Fətullah Gülənin təşkilatı) terrorçuları Türkiyəyə zərər yetirməyə çalışırlar. Heç kim inkar edə bilməz ki, bu təşkilatlar müəyyən qüvvələr tərəfindən maliyyələşdirilir və silahlandırılırlar. Türkiyəyə qarşı açıq çıxış edə bilməyənlər, terrorçuların əli ilə öz planlarını həyata keçirmək istəyirlər. Lakin Türkiyənin düşmənləri böyük səhv edirlər. Xalqımız tarix boyu düşmənlərə boyun əyməyib”, - prezident deyib.
Ərdoğanın sözlərinə görə, Türkiyəyə hücum edən terrorçulara dəstək verən qüvvələr sabah özləri bu təhlükə ilə üzləşəcəklər.
“Bu gün dövlət və xalqın birliyi nəticəsində Türkiyə çox güclüdür. Ölkəmiz bütün çətinliklərdən keçərək qarşıya qoyulmuş məqsədlərə çata biləcək”, - dövlət başçısı qeyd edib.
Mənbə:> Oxu.Az