Vaahn Karapetyan: “Gec-tez Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa edəcək”
Virtualaz.org-un bugünkü qonağı məşhur sovet yazıçısı, hazırda “Ədəbi Kanada” almanaxının baş redaktoru, Erməni Yazıçılar Birliyinin, İngiltərə Yazıçılar İttifaqının və Ukrayna Jurnalistlər Birliyinin üzvü, 13 kitab müəllifi Vaahn Karapetyandır.
Vaahn Karapetyanın adına beynəlxalq, sovet və postsovet dövri mətbuatında 100-dən çox qəzet və jurlanın səhifələrində rast gəlinir. O, ondan artıq ictimai və həmkarlar təşkilatlarının təsisçisidir, Ermənistanın Müstəqil Həmkarlar Federasiyasının və Böyük Britaniyanın “Rus Albionu” Rusdilli Yazıçılar İttifaqının və “Qayın yarpağı” ədəbi yaradıcılıq birliyinin (Kanada) ilk sədridir və s. və i.a.
Vaahn Karapetyan Azərbaycan vətəndaş cəmiyyətinin xalq diplomatiyasının fəallaşmasına və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistanla güzəştli sülh bağlamasına yönəlmiş çağırışları dəstəkləyib.
Vaahn Karapetyanla söhbəti diqqətinizə çatdırırırq.
- Bir müddət öncə Bakıda Azərbaycan və Ermənistan ictimai fəallarının iştirakı ilə konfrans keçirilib. İştirakçılar Ermənistan-Azərbaycan sülhməramlı platformasının yaradılması üzrə Bakı deklarasiyasını qəbul ediblər. Problemin sülh yolu ilə həllinin aktivləşdirilməsi üzrə vətəndaş cəmiyyətinin səylərinə qoşulmağa hazırsınızmı? Bu təşəbbüsə necə yanaşırsınız?
- Təbii ki, müsbət. Təcrübə göstərir ki, qeyri-hökumət, ictimai təşkilatlar hökumətlərin razılığa gələ bilmədiyi məqamlarda tez-tez müvəffəqiyyətə nail olurlar. Mən bu qərarın doğruluğuna əminəm.
Ermənistan-Azərbaycan sülhməramlı platformasına yaşıl işıq və münaqişə tərəflərindən daha çox insanın bu xeyirxah təşəbbüsə qoşulmasını arzulamaq qalır. Əminəm ki, mənim bir çox, hər halda, sağlam düşüncəyə malik həmvətənlərim barrikadanın o üzündə qalmayacaq və bu hərəkata qoşulacaqlar. Öz növbəmdə, bu xeyirxah başlanğıca təşəbbüs göstərmiş azərbaycanlı fəallara minnətdarlığımı bildirmək istəyirəm.
- Azərbaycanda və elə Ermənistanın özündə də bəzi dairələrdə əmindirlər ki, Ermənistanın hazırkı hakimiyyəti Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır deyil və bu istiqamətdə bütün təşəbbüsləri darmadağın edir. Necə düşünürsünüz, nə üçün Ermənistan hakimiyyəti problemin birdəfəlik həllində maraqlı deyil?
- Cavab həm sadə, həm də mürəkkəbdir. Ondan başlayaq ki, Ermənistanda hakimiyyətdə olanlar, sözün əsl mənasında yad adamlardır və onlar ictimai fikri məharətlə idarə edərək, açıq-aşkar yerli əhalini talayırlar. Hakimiyyətdə qalmaq naminə Qarabağ problemindən qalxan kimi istifadə edirlər.
Əhalinin diqqətini gündəlik problemlərdən, qorxunc yoxsulluqdan Ermənistan və Qarabağ əhalisinin birliyi barədə təşbehli bəyanatlarla yayındıraraq, həm onların, həm də bunların son şirələrini sıxıb çıxarırlar. Heç kim üçün sirr deyil ki, Ermənistandan və Qarabağdan köç edənlərin axını qorxulu miqyas alıb, lakin bu, hakimiyyətdəkiləri, taxt-tac ətrafında yemlənənləri qətiyyən maraqlandırmır. Bu günlərinin çox çəkməyəcəyini anlayaraq, onlar tez-tələsik, utanıb çəkinmədən, açıq-aşkar formada varlanmaqla məşğuldurlar.
- Koçaryan-Sarkisyan siyasi duetinin əsas tezislərindən biri ermənilərlə azərbaycanlıların genetik uyuşmazlığı barədə tezisdir. Guya ki, bu xalqlar bir yerdə yaşaya bilməzlər. Bu əminlik haradan qaynaqlanır?
- Bu ifadə başdan ayağa yalandır. Köklərimiz tarixən fərqli olsa da, eyni ərazidə iki min il birgə yaşayış xalqların etnosunda əksini tapmaya bilməz. Əminəm ki, hər bir ermənidə bir damla da olsa azərbaycanlı qanı, hər bir azərbaycanlıda erməni qanı var. Bizi birləşdirən nəsnələr bizi ayıranlardan qat-qat çoxdur. Bu məişətdir, musiqidir, mətbəxdir – siyahını sonsuza qədər uzatmaq olar.
Deyərdim ki, biz yalnız qardaş yox, həm də əkiz qardaşıq. Axı qəlb-qəlbə yaşadığımız vaxtları xatırlayırıq. Erməni və azərbaycanlı anlayışları yox idi, yaxşı və pis anlayışları vardı. Bir ay öncə sinif yoldaşım Həmzə Mirzəyev vəfat edib. Biz onu sinfimizin vicdanı adlandırırdıq, onun nüfuzu söhbət mövzusu belə ola bilməzdi. Bizim üçün bu, böyük, çox böyük itkidir. Sinfimizlə bir yerdə bütün məktəb yas içində idi. Və heç kim heç vaxt fikirləşmirdi ki, əzizimiz Gemik milliyyətcə kim idi.
O ki qaldı Koçaryanla Sarkisyana, onlar kütlə qarşısında çox şey deyə bilərlər, amma daxilən əmindirlər ki, qarabağlılarla müqayisədə ermənilər və azərbaycanlılar ikinci növ insanlardır. Şübhə etmirlər ki, ermənilərlə azərbaycanlılar yalnız onların “böyüklüy”ünü sübuta yetirmək üçün mövcuddurlar. Bu cütlüyün doktrinası bundan ibarətdir.
- Ermənistanı niyə tərk etdiniz?
- Ötən əsrin sonlarında Ermənistanda “Ermənsitan Müstəqil Həmkarlar Federasiyası” adlı alternativ həmkarlar birliyi yarandı. Bu təşkilata yeddi həmkarlar birliyi qoşuldu. Mən sədr seçildim. Digər işlərlə yanaşı, biz üçüncü minilliyin ilk ilinin Ermənistanda sosial ədalət ili elan olunması məsələsini qaldırdıq. Bu, o zamankı hakimiyyətin səbr kasasını daşırdı. Məni aldadaraq bir mehmanxanaya dəvət etdilər və həmin görüşdən xatirə olaraq sol yanağımda çapıq qaldı. Başa saldılar ki, bu hələ başlanğıcdır. Getməli oldum.
- Qarabağ münaqişəsinin köklərinə qayıtsaq, nəyə görə ziyalılar qanlı müharibəyə yol verdilər? Həmin müharibədən qaçmaq olardımı? Ziyalıların əsas səhvini nədə görürsünüz?
- Qarabağ münaqişəsinin dərin kökləri var. Çarı devirən bolşeviklər respublikaları kəsib-doğramağa başladılar. Stalin hökuməti də birbaşa bu işlə məşğul idi. Diqqət edin: respublikalar yaranarkən bütün, demək olar ki, bütün gürcü əhalisi olan yaşayış məntəqələri Gürcüstan SSR-in tərkibinə qatıldı. Hətta əgər gürcü kəndi ilə əsas ərazi arasında 20-yə yaxın Azərbaycan və ya erməni kəndi var idisə də, ilk növbədə bu gürcü əhalisi olan kəndin maraqları nəzərə alınırdı.
Ermənistanla Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi isə tam başqa cür aparılmışdı. İş çox pinti şəkildə, real mənzərə nəzərə alınmadan görülmüşdü. Məsələn, əhalisi azərbaycanlılardan ibarət olan Zəngəzur Ermənistana verildi, əhalisi ermənilərdən ibarət olan Şaumyan rayonu isə Azərbaycana və s. Bunun səbəbi savadsız yanaşma, yaxud başqa məqsəd idi – indi demək çətindir. Lakin gün kimi aydındır ki, sərhədlərin yenidən cızılması heç vaxt yaxşı nəticələnməyib. Tarixdə mənfi nümunələr az deyil: 1830-cu ildə Meksika sərhədləri dəyişməyi qarşısına məqsəd qoydu – nəticədə, ərazisinin yarısını, o cümlədən Texas ştatını itirdi. 1939-cu ildə Almaniya da həmin yolla getdi və nəticədə, ərazisinin 30 faizini və 13 milyon əsgərini itirdi. İndi həmin işi Ermənistan görür.
Gec-tez Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa edəcək, buna heç bir şübhə olmamalıdır, lakin Ermənistan nə qədər inad edərsə, bu zülmün qarşılığı daha çox baha başa gələcək. Xalqın müdrikliyi də ondan ibarətdir ki, öz iştahasını tənzimləməyi bacarsın, mövcud, dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş sərhədləri olduğu kimi qəbul etsin. Və qonşuları ilə sülh şəraitində yaşasın. Ermənistanın ziyalılarını baş verənlərdə günahlandırmaq mənasızdır, çünki az adam bunu nəticələrini görə bilərdi. Eyforiya hər şeyi üstələmişdi. Belə ki, ziyalılıq vur-tut həyat tərzidir.
Bəli, ziyalı hüznlənə, narahat ola, tanıya bilər, amma yalnız qazandığı bilik çərçivəsində. Təəssüf ki, yalnız fərdlər deyil, xalqlar da səhv edir. Biz ermənilər etiraf etməliyik ki, qonşu ölkənin ərazisinə soxulmaqla qorxunc səhvə yol vermişik və əlimizdən gələni etməliyik ki, bu yanlış addımı düzəldək, sonra isə Tanrıya yalvaraq ki, azərbaycanlılar kinli olmasınlar. Bu isə ən çətinidir.
Mənə deyin, köçkünlükdə anadan olmuş və həyatının 25 ili ərzində Vətənini görməmiş Ağdam azərbaycanlısı ermənilərə necə münasibət bəsləməlidir? Nəinki özü, hətta onun oğlu üçün də bunu etmək çox çətindir. Allah eləsin, nəvəsi bizi bağışlasın. Bu gün isə yalnız baş verənlərə təəssüflənə və səy göstərə bilərik ki, qanlı müharibə bir daha təkrarlanmasın. Münaqişənin həllini isə sülh və yalnız sülh yolu ilə tapmalıyıq.
- Bakıya gəlməyə hazırsınızmı? Xalqların barışdırılması üçün şəxsən nə edə bilərdiniz?
- 13 kitabım dərc olunub və çox istərdim ki, növbəti kitabım Azərbaycan dilində çap edilsin. Bütün qazancımı isə xüsusi həyəcanla Ağdama, yaxud Şuşaya yardım fonduna köçürərdim. Məmnuniyyətlə Bakıya gələrdim, çünki heç vaxt orada olmamışam. Küçədə bir yaşlı qadınla rastlaşıb, onun qarşısında baş əyərdim və üzr istəyərdim.
Mənbə:> Virtualaz.org