İsveçrə qırıcıları Putinin təyyarə kortejinə həyəcan yaşatdı
İsveçrə Hərbi Hava Qüvvələrinin qırıcıları içində ATES sammitində iştirak etmək üçün Peruya gedən Rusiya nümayəndə heyətinin olduğu laynerə çox yaxın məsafədə uçublar.
Virtualaz.org-un Rusiya KİV-ə istinadən məlumatına görə, təyyarənin salonunda Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin başçısı Aleksandr Fominin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri olublar. Onlar həmin sammitdə və keçirəcəyi müxtəlif görüşlərdə prezident Vladimir Putini müşayiət edəcəklər.
KİV bildirir ki, hadisə İsveçrənin hava məkanında olub. Qırıcılardan biri sol tərəfdən "təhlükəli məsafədə" Rusiya təyyarəsinə yaxınlaşıb, manevr edib və sonra sağdan yenidən “girib”. Məsafə o qədər yaxın olub ki, hətta İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların nömrələri aydın görünüb.
Ekipaj komandiri izah edib ki, həmin marşrutda "bu adi haldır". O da bildirilir ki, təyyarə İsveçrənin hava məkanını tərk edən kimi, qırıcılar müşayiəti dayandırıblar.
Xatırladaq ki, Rusiya lideri Limadakı sammitə ölkənin hərbi rəhbərliyi ilə müşavirə keçirdiyi Soçidən başqa təyyarə ilə gedəcək.
Mənbə:> Virtualaz.org