Rus telefon xuliqanı prezidenti doladı: “Deyir Putinə qışqırmısan...”
Rusiya xüsusi xidmət orqanlarına bağlı olduqları təxmin edilən məşhur telefon xuliqanı, “pranker Vovan” Ukrayna prezidenti Pyotr Poroşenkoya Qırğızıstan prezidenti Almazbek Atambayevin adından zəng vurub və “onunla ikitərəfli siyasi münasibətlərin inkişafı” barədə uzun-uzadı danışıq aparıb.
Virtualaz.org xəbər verir ki, Vovan Atambayevin adından Poroşenkoya noyabrın 2-də zəng vurub. Həmin gün Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb ki, prezident Poroşenko qırğız həmkarı Almazbek Atambayevlə telefon danışığı aparıb.
Lakin Qırğızıstan prezidentinin administrasiyası məlumatı təkzib edib və bildirib ki, Atambayev ukraynalı həmkarı ilə telefon danışığı aparıb. Həmin gün axşama doğru Ukrayna XİN-in mətbuat katibi Maryana Betsa deyib ki, bu, Kiyevin Krımda insan haqlarının vəziyyətinə dair BMT-də qaldırdığı mühüm təşəbbüsə qarşı Rusiyanın təxribatı idi.
Bu gün isə Vovan elan edib ki, təxribatın müəllifi odur və həmin gün Poroşenkoya Qırğızıstan prezidentinin adından zəng vuran o idi. Və pranker telefon danışığının audioyazısını da internetdə yerləşdirib. Belə məlum olur ki, telefon danışığının təşəbbüskarı “qırğız tərəfi”dir. “Qırğızıstan prezidentinin köməkçisi” Kiyevə, prezident administrasiyasına zəng vurur və deyir ki, prezident Atambayev rəsmi Bişkekin hazırda sədrlik etdiyi MDB-də Ukraynanın mövqeyinin dəstəklənməsi barədə müzakirə aparmaq istəyir. Köməkçilər telefon rabitəsi yaradır və beləliklə də Poroşenko ona zəng vuranın Atambayev olduğunu zənn edərək ikitərəfli siyasi münasibətlərdən, Krım və Donbassdakı vəziyyətdən, digər məsələlərdən danışmağa başlayır.
Telefon söhbətinin gedişində “Atambayev” Poroşenkodan ötən ay Berlində “Normand dördlüyü”nün toplantısı zamanı Ukrayna prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə sərt tonla danışdığı, səsini qaldırdığı haqda xəbərləri də xatırladır. “Nədir, deyir orada Putinə qışqırmısan, səsini qaldırmısan...”-telefon xuliqanı soruşur.
Poroşenko isə deyir ki, onun uzunmüddətli diplomatik təcrübəsi var və belə vəziyyətlərdə özünü necə aparmağı bilir. Ukrayna prezidenti deyir ki, Putinlə söhbəti gərgin olub, ancaq qışqırmaq, səsini qaldırmaq filan olmayıb.
Telefon danışığında “Atambayev” Bişkekin Kiyevə Donbass və Krım məsələsində dəstəyini vəd edir, Poroşenkonu Qırğızıstana səfərə çağırır və Minsk razılaşmasının taleyi ilə bağlı soruşur.
Mənbə:> Virtualaz.org