Zahid Oruc: Bu müharibədə həm Azərbaycan, həm Ermənistan məğlub olacaq
Bu ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan uzun müddət sonra cəbhədə artıq sanki canlanma hiss olunur. Ermənistanın silahlı qüvvələrinin Ağdamın işğal altındakı kəndlərində bir ay bundan qabaq başlayan hərbi təlimləri sanki aprel hadisələrinin yenidən başlaya biləcəyinə işarə edir. Təbii ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın təmas xəttində hər bir addımını ciddi cəhdlə izləyir, vəziyyəti nəzarətdə saxlamağa çalışır. Bəs görəsən bu gün Ermənistan-Azərbaycan cəbhə xəttində nə baş verir? Ermənistanın apreldə aldığı zərbələrdən sonra yeni planı nədir? Seyran Ohanyanın yerinə gətirilmiş “diplomat” müdafiə naziri Vigen Sarkisyan cəbhədə nə etmək istəyir?
“Ermənistan ordusundakı zabitlər yeni müdafiə nazirindən narazıdır...”
AzNews.info xəbər verir ki, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında son günlər hiss olunan hərbi canlanmanı bu cür şərh edib:
“Ermənistan hökuməti 4 günlük müharibəyə qurban verildi və tamamilə tərkibini dəyişdilər. Yeni müdafiə naziri beynəlxalq münasibətlər və diplomatiya sistemdən gələn bir adamdır.
Bu gün erməni ordusunda yeni nazirə qarşı “Qarabağda mən can qoymuşam, nəyə görə nazir mən olmamalı idim” deyən hərbiçilərin narazılığı var.
Silahlı qüvvələr içində bu gün xeyli müxalif dəstə yetişir. Vigen Sarkisyan da buna görə də düşünür ki, bütün cəbhə boyu ərazilərdə özünü göstərməlidir. Bu həm nazir kimi özünün və həm də Sarkisyanın nüfuzunun artırılmasına hesablanıb. Ağdam daxil olmaqla bir sıra ərazilərə silah-sursat, gecə görmə cihazları və kəşfiyyat arsenalı gətirilib”.
“Rusiya Ermənistanı Azərbaycana satdı...”
Deputat bildirib ki, Ermənistan “İsgəndər-E” raketini nümayiş etdirməklə erməniləri arxayın salmaq istəyir.
“Azərbaycan aprel ayından sonra operativ taktiki şəraiti nəzərə alaraq daha müasir və güclü silahlarını yerləşdirib. Buna görə də sonuncu paradda Gümrüdəki “İsgəndər-E” raketi gətirib öz gücləri kimi ermənilərə sırımağa çalışırlar.
Cəbhədəki son təxribatlar sübut edir ki, apreldə verilmiş olan vədlərin hələ də yerinə yetirilməməsi ermənilərdə ciddi narazılıq yaradır. Ermənilər bu gün “aprel hadisələrindən sonra Rusiya bizi Azərbaycana satdı, Azərbaycanı silahlandırdı” obrazını yaratmağa çalışırlar. Cəbhədəki son təxribatlar da məhz bununla bağlıdır”.
“Türkiyə və Rusiya Qarabağda baş-başa gələ bilər...”
Z.Oruc söyləyib ki, cəbhə xəttində yenidə hava hücumuları başlasa münaqişə regiondan çıxacaq:
“Artıq Ermənistanın hansısa cəhdlərlə vəziyyəti apreldən qabaqkı formaya gətirməsi mümkünsüzdür. Onlar bunu bilirlər. Son aylar Türkiyə-Azərbaycan birgə hava təlimlərinin genişlənməsi də sübut edir ki, əgər Qarabağdakı hərbi əməliyyatlar hava hücumu səviyyəsinə qalxsa, münaqişə Azərbaycan-Ermənistan məcrasından çıxaraq region və digər super güclərin səviyyəsinə keçəcək.
Nəticədə Rusiya və Türkiyə Qarabağda baş-başa gələ bilər. Amma Azərbaycan bu gün bunda maraqlı deyil. Əgər regionda belə bir iri miqyaslı hərbi əməliyyatlar başlasa bu artıq bizim yox, böyük güclərin müharibəsi olacaq. Nəticədə isə bu müharibədə nə Azərbaycan və nə də Ermənistan qalib gəlməyəcək. Bu ancaq hər iki tərəf üçün məğlubiyyət olacaq”.
Mənbə:> Modern.az