Putinin təyyarəsi qalxa bilmir, MDB sammiti gecikir
Rusiya paytaxtında hava şəraitinin uçuşa əlverişsiz olması səbəbindən prezident Vladimir Putinin təyyarəsi havaya qalxa bilməyib.
Virtualaz.org xəbər verir ki, bu səbəbdən Qırğızıstanda MDB sammitinin başlaması gecikib. Məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.
MDB sammitinin bu gün yerli vaxtla saat 16-da başlaması planlaşdırılmışdı. Sammitdə iştirak üçün Qazaxıstan, Belarus, Ermənistan, Azərbaycan və Tacikistan prezidentləri artıq Bişkekə gediblər. Habelə Moldova baş naziri və Özbəkistan xarici işlər naziri sammitə qatılmaq üçün Bişkekdədir.
Lakin Putinin gecikməsi səbəbindən sammit axşam saat 18-ə təxirə salınıb. “Sammit Bişkek vaxtı ilə saat 18.00-a təyin olunur. Bu, Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin gecikməsi ilə bağlıdır. Onlarda hazırda uçuşa əlverişsiz hava şəraiti var”-mətbuat xidməti bildirib.
Lakin Moskvada hava şəraitinin pisləşməsi və Putinin təyyarəsinin qalxa bilməməsi haqda Rusiya mənbələrində heç nə deyilmir.
Mənbə:> Virtualaz.org