Filippin prezidenti Obamanı “fahişənin oğlu” adlandırdı
Filippin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Barak Obamanı “fahişənin oğlu” oğlu adlandırıb və ona insan haqlarına riayət edilməsinə dair bəyanatları ilə Filippinə ilişməməyi məsləhət görüb.
Oxu.Az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Duterte belə bir bəyanatla bazar ertəsi, sentyabrın 5-də, Laosda Şərqi Asiya sammiti ərəfəsində təşkil olunmuş mətbuat konfransında çıxış edib.
“Sən hörmət göstərməlisən. Sual və bəyanatlar vermək lazım deyil. “Fahişənin oğlu”, mən səni sammitdə lənətləyirəm”, - o deyib.
Xatırladaq ki, R.Duterte bu ilin may ayında Filippinin prezidenti seçilib.
CNN məlumat verir ki, onun dövlət başçısı vəzifəsinə keçməsindən sonra Filippində iki mindən çox insan ölüb, onlardan 700 nəfəri polis əməliyyatlarında həyatını itirib.
Qeyd edək ki, 71- yaşlı Duterte 2000-ci illərin əvvəlində Davao şəhərinin meri olub. Ona kriminal aləmlə apardığı mübarizə metoduna görə “cəza verən” adı verilmişdir. Həmin zaman mindən çox cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüşdür. Human Rights Watch hüquq-müdafiə təşkilatı Duterteni “ölüm taborunun meri” adlandırmışdır.
Mənbə:> Oxu.Az