Filippin BMT–ni hədələdi
Filippin prezidenti Rodriqo Duterte ölkəsinin BMT-dən çıxa biləcəyini bəyan edib.
Filippin prezidenti Rodriqo Duterte deyib ki, BMT-nin Filippində polisin narkotacirlərlə mübarizə çərçivəsində keçirdiyi reydlər nəticəsində ölüm hallarının baş verməsi barədə tənqidlərinə cavab olaraq ölkəsi BMT-dən çıxa bilər.
Oxu.Az RİA Novosti–yə istinadən xəbər verir ki, Duterte ölümlərin polisin fəaliyyəti ilə bağlı olmadığını bildirib və BMT-ni baş verənlərlə bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.
Filippin prezidenti BMT-ni və ölkəsinin yaxın müttəfiqi ABŞ-ı tənqid edib, BMT-nin öz funksiyalarını yerinə yetirmədiyini vurğulayıb: “Sizi təhqir etmək istəmirəm. Ancaq mümkündür ki, sadəcə, biz BMT-dən ayrılaq. Nə üçün biz bu axmaqlara qulaq asmalıyıq?”.
R. Duterte Çin və digər ölkələrin iştirakı ilə alternativ beynəlxalq təşkilat yaradılmasının mümkün olduğunu da qeyd edib.
R. Duterte Filippində narkomanlar və narkotacirlərə qarşı geniş miqyaslı mübarizənin tərəfdarıdır. O, hakimiyyətə gəldikdən sonra ölkədə 900 narkoman və narkotacir öldürülüb.
Avqustun 18-də BMT-nin insan hüquqları sahəsində ekspertləri Filippin hakimiyyətini məhkəmə prosesi olmadan şübhəlilərin öldürülməsi və edamını dayandırmağa çağırıb.
Mənbə:> Oxu.az