İlham Əliyev nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev, eləcə də dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri görkəmli alim Cəlal Əliyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.
Oxu.Az məlumatına görə, başsağlığında deyilir:
Azərbaycan elminə ağır itki üz verib. Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib.
Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1942–1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946–1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil alıb. Cəlal Əliyev 1951–1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olub.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub.
Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib.
Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli qismi taxılçılığın inkişafına yönəlib. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaradıb. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb.
Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri var. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.
Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılıb. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. Cəlal Əliyevin yetirmələri ölkəmizin və dünyanın aparıcı elm mərkəzlərində və universitetlərdə bu gün də uğurla çalışırlar.
Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapıb. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi təqdirəlayiq fəaliyyət göstərib. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.
Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsl vətəndaş mövqeyi tutub, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr verib. Cəlal Əliyevin 1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.
Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb.
Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Vasif Talıbov
Elçin Əfəndiyev
İsmət Abasov
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Heydər Əsədov
Akif Əlizadə
Əhliman Əmiraslanov
İsa Həbibbəyli
İbrahim Quliyev
Tofiq Nağıyev
İsmayıl Hacıyev
Siddiqə Məmmədova
Ədilə Namazova
Böyükkişi Ağayev
Məhərrəm Babayev
Validə Əlizadə
Mənbə:> Oxu.Az