İlham Əliyev xalqa müraciət etdi
Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istədiyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha da fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq. Əgər buna nail olsaq, onda neftin qiyməti bizim üçün heç bir əhəmiyyət kəsb etməyəcək.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycan elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıdır ki, neftin qiymətindən asılı olmayaq:
“Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik”.
Manatın məzənnəsinin dəyişməsi ilə bağlı danışan dövlət başçısı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir.
“İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstər-istəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dənə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir”, - deyə, o, bəyan edib.
Prezident bildirib ki, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir.
“Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı səviyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmalıdır.
Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcək”, - deyə, Prezident vurğulayıb.
Mənbə:> Oxu.Az