Ölən jurnalistin qətlində yeni detallar » AzNews.info -Xəbər portalı

Ölən jurnalistin qətlində yeni detallar – VİDEO+FOTO

Ölən jurnalistin qətlində yeni detallar


Avqustun 9-da gecə saatlarda dünyasını dəyişən jurnalist Rasim Əliyevin qatillərinin axtarışı davam edir.

AzNews.info-nun "Müsavat"a istinadən jurnalistin qətlində yeni detallara diqqət yetirib.

Məlum olduğu kimi, avqustun 8-ində onu 7 nəfər döyərək, xəstəxanalıq etmişdi. Gecə saatlarında isə jurnalistin ölüm xəbəri gəldi. Məsələ ilə bağlı dövlət səviyyəsində araşdırma gedir. İşə ölkə prezidenti də müdaxilə edib. Artıq cinayətdə şübhəli bilinən bir neçə nəfər də saxlanılıb. Onlardan biri, "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovdur.

Məsələ burasındadır ki, Avroliqanın III təsnifat mərhələsinin "Qəbələ" - "Apollon" (Kipr) oyunundan sonra Cavid Hüseynov jurnalistlərə müsahibə verib. Bu zaman kiprli jurnalist ona qaldırdığı Türkiyə bayrağı ilə bağlı sual ünvanlayıb. O isə ingilis dilində "türklər mənim dostumdur" deməklə bərabər, əllərini bir-birinə vuraraq, birlik jesti göstərməklə jurnalistə cavab verib. Həmin an isə görüntülərə düşüb. Amma çox adam bu jesti yanlış anlayıb. Onlardan biri də Rasim Əliyev olub.

Azərbaycanlı jurnalist R. Əliyev də bu görüntülərin yer aldığı xəbəri paylaşaraq, bu sözləri yazıb: "Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun, məni Avropa meydanlarında təmsil etməsini istəmirəm".

Musavat.com xəbər verir ki, hər şey də bundan sonra başlayıb. R.Əliyevin paylaşdığı xəbərin şərh bölməsində uzun mübahisələr gedib. Hətta orada söyüşmələr, təhdidlər də olub. Onlardan birinin də Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olduğu deyilir.

E.İsmayılov Rasimi təhqir edərək, onu "söhbətə" çağırıb. Hətta şərh bölməsinə öz nömrəsini də əlavə edib. Amma Rasim buna fikir verməyib. Daha sonra ona zəng edərək, hədə-qorxu gəliblər. Bir müddət sonra C.Hüseynovun özü jurnalistə telefonla zəng edib və aralarında əvvəlcə gərgin, sonra isə sakit şəkildə danışıqlar olub.

Ölən jurnalistin qətlində yeni detallar
Rasim Əliyevin evində yas mərasimi

Sonda Cavid Hüseynov Rasimə o videonu yanlış anladığını, orada sadəcə yumruğunu-yumruğuna vurub, birlik anlamında işarə verdiyini deyib. Bunun üzərinə R.Əliyev C.Hüseynovdan üzr istəyib və bunu da özünün "facebook" səhifəsində yazıb.

Bundan sonra söhbət "facebook"dakı yazışmalara keçib. Bu zaman Cavid Rasimə deyib ki, "Onlarla danışmışam. Səninlə görüşüb, söyüşlərə görə üzr istəyəcəklər". Bu zaman Rasim ona, "Buna gərək yoxdur. Telefonla danışdıq, həll etdik. Lazım deyil", deyib. Cavid isə israr edib və R.Əliyev də razılaşıb.

Bu telefon danışığından bir neçə dəqiqə sonra, C.Hüseynovun bibisioğlu Elşən İsmayılov Rasimə zəng edərək, onunla görüşmək istədiyini deyib: "Cavidlə danışdım. Harada görüşə bilərik? Bir çay içək". Bu təkliflə razılaşan R.Əliyev anası ilə bu barədə danışıb və onlarla görüşməyə gedib. "Bayıl" marketin önündə görüş təyin edilib. Rasim Elşəni görən kimi tanıyıb. Çünki öncədən "Facebook"da onunla mübahisələri olmuşdu.

"Yerə yıxılan Rasimi, ümumilikdə 7 nəfər təpikləməyə başlayıblar"

Rasim Elşənə yaxınlaşaraq, əlini ona uzadıb və görüşüblər. Bu zaman Elşən Rasimə "Harada oturub, çay içə bilərik?" deyib. Rasim cavab verənə kimi, arxadan bir nəfər onun sol qulağından vurub. Yerə yıxılan Rasimi, ümumilikdə 7 nəfər təpikləməyə başlayıb. Bir neçə dəqiqə davam edən təpikləmədən sonra, cinayətkarlar ərazini tərk ediblər.

Özünü xəstəxanaya çatdıran Rasim Əliyev olanları yaxınlarına danışıb. Hətta bu barədə video-müsahibə də verib.

Rasim Əliyevin son müsahibəsi

Həkimlər Rasimi yoxlanışdan keçirdikdən sonra, 4 qabırğasının sındığını deyiblər. Amma təhlükəli bir şeyi olmadığını da vurğulayıblar. Bunu, Rasimin ailəsinə Babək adlı həkim deyib.

Bütün bunlar haqda bu gün Rasimin ayaqla gedib, çiyinlərdə gətirildiyi evində olarkən öyrəndik. Mərhum jurnalistin anası və xalası oğlu ilə danışdıq. Tək oğlunu itirmiş ana və ata... Kədər, qəm, göz yaşları... Məni görən kimi ilk sualları – “Nə xəbər var? Tutdular oğlumun qatillərini”, - oldu.

“Cavid həmin adamları tanıyır. O özü Rasimi aldadıb, görüşə çağırdı. Daha doğrusu ölümə..."

Rasimin evlərindən sonuncu gedişini görən anası Teyfurə Əliyeva danışır: “Cavid həmin adamları tanıyır. O özü Rasimi aldadıb, görüşə çağırdı. Daha doğrusu ölümə... Guya qohumları üzr istəmək üçün gəlirlər. Guya çay içib, üzrxahlıq edəcəklərdi. Rasim pul da götürmüşdü ki, çay içəcəklər. Dedim ki, "Getmə. Bala səni aldadarlar birdən". Dedi ki, "Yox, narahat olma. Biz kişi kimi söhbət etmişik. Həm də marketin qabağında, camaatın içində kim nə edə bilər ki? Sadəcə çay içəcəyik. Amma oğlumu döyüb, öldürdülər".

Ölən jurnalistin qətlində yeni detallar
Teyfurə Əliyeva

"Rasim deyirdi ki, sol qulağı eşitmir. İlk zərbəni oradan vurmuşdular"

- Rasim gecə normal görünürdü. Hətta video-müsahibə də verib. Amma sonradan qəflətən dünyasını dəyişdi. Həkimlər sizə nə demişdilər?
- Həkimlər əvvəl dedilər ki, "Ciddi bir şey yoxdur. Sadəcə 4 qabırğası sınıb. Yerini dəyişməyən sınıqlardır. Uzanmalıdır. Sabah bir də rentgenə salacağıq". Bunları mənə deyən Babək adlı həkim idi. Amma axşam sözlərini dandı. Rasimin gecə halı pisləşdi. Həkim bu dəfə dedi ki, "Sınan qabırğaları onun ciyərini və dalağını zədələyib". Mən də dedim ki, "Bəs deyirdiniz heç nə yoxdur? İndi necə oldu bu?". Həkim ilk dediklərini danmağa başladı. Axırda da oğlumu itirdim. Biz acı içində ağlayan zaman həkimlər qaçıb, gizləndilər. Hətta işıqları da söndürdülər. Rasim deyirdi ki, sol qulağı eşitmir. İlk zərbəni oradan vurmuşdular. Ona görə də, eşitmirdi.

Ölən jurnalistin qətlində yeni detallar
Cavid Hüseynov

"O cinayətkarların həbs edilməsini tələb edirəm. Başda da Cavid Hüseynov olmaqla"

Mərhum jurnalistin anası deyir ki, onun tək istəyi cinayətkarların həbs edilməsidir: "O cinayətkarların həbs edilməsini tələb edirəm. Başda da Cavid Hüseynov olmaqla. Mənim oğlumun ölümündə onu döyənlər qədər həkimlər də günahkardır. Onların da cəzalandırılmasını istəyirəm. Analar bir də ağlamasın. Övlad acısı yaşamasın. Mən tək oğlumu itirdim, daha heç kim itirməsin".

Rasimin xalasıoğlu Cəmil Məmmədov bəzi söyləntilərə aydınlıq gətirdi: "Bəzilər şayiə yayıblar ki, guya Cavidin atası ilə Rasimin anası bir sinifdə oxuyublar. Elə bir şey yoxdur. Biz sadəcə onlarla eyni rayondanıq. Qarşı tərəf də, biz də Cəbrayıl rayonundanıq. Bundan artıq deyil".

- Artıq hadisədən 2 gün keçib. Cavid Hüseynovun və ya bibisioğlu Elşən İsmayılovun ailəsindən kimsə sizinlə əlaqə saxlayıbmı?
- Hə, olub. Uzaq qohumlarından biri mənə zəng edib. Vaxtı ilə həmin şəxslə birgə işləmişik. Başsağlığı verdi. Və dedi ki, onların ailəsi, bibisinin ailəsi peşmandır. Mən də dedim ki, peşman olmağın faydası yoxdur. Şikayət edib-etməyəcəyimizi soruşdu. Mən də dedim ki, hər şey göz qabağındadır. Vuran, öldürən bəllidir. Şikayətə ehtiyac yoxdur. Cinayətkarlar azadlıqda olsalar, biz o zaman şikayət edərik.

Ölən jurnalistin qətlində yeni detallar
Cəmil Məmmədov

Mərhum jurnalistin babası bunları dedi: "Mənim nəvəm öldürülüb. Daha geri qayıdan deyil. Amma onun qatilləri həbs edilsə, bir az da olsa təskinlik tapardıq. Mən elə bir yaşdayam ki, ömrümün sonlarını yaşayıram. Mənə bu yaşımda belə acı çəkdirənlər cəzasız qalmalı deyillər. Bilsək ki, səngərdə ölüb, vətən uğrunda ölüb, deyərəm ki, vətən sağ olsun. Amma belə deyil axı. Mənim gözlərim onsuz da pis görür. Ağlamaqdan onları da itirəcəyəm. Ağır dərddir, dözə bilmirəm ".

Orada olarkən daha bir məlumat aldıq. Belə ki, Rasim xəstəxanada olarkən futbolçu Cavid Hüseynov və meneceri onu ziyarət etməyə gəliblər. Həmin zaman orada Rasimin yaxın dostu və qonşusu Aydın adlı şəxs də olub. Bu zaman Cavidlə gələn menecer Aydını kənara çəkərək, onunla söhbət edib. Söhbət əsnasında Aydın ona Rasimin döyülən zaman telefonunun və cüzdanının götürüldüyünü deyib. Bu zaman menecer ona öz mobil nömrəsini verib, "Mənə axşam zəng edərsən. Görüşüb, telefonu və cüzdanı sənə verəcəyəm", deyib. Amma görüş yerinə gəlməyib.

Ölən jurnalistin qətlində yeni detallar
Rasim Əliyevin babası

Bu məlumatla orta bəzi suallar çıxır. Əgər bu məsələdən Cavid Hüseynovun xəbəri yoxdursa, Rasim döyülən zaman onun üzərindən götürülən cüzdan və telefon menecerdə nə gəzir? Dəfələrlə "Mən Rasimlə barışmışam. Telefonla həll etmişik hər şeyi”, - deyən Cavid Hüseynov əslində yalan danışıb. Öz qohumlarını Rasimlə görüşə göndərən Cavid, Rasimə "Səndən söyüşlərə görə, üzr istəyəcəklər. Mütləq görüşün”, - niyə deyib?

Ölən jurnalistin qətlində yeni detallar
Elşən İsmayılov

Cavid Hüseynovun qohumlarının Rasimi öldürmək fikirləri olmasa da, onu ölümcül döyüblər və nəticədə ortada cinayət var. Rasimi izləmə kamerasının düz yanında döyüblər. Cinayətə dair hüquq-mühafizə orqanlarında görüntü də var. Yaxın günlərdə cinayətkarların həbs edilməsi gözlənilir. Elşən İsmayılov saxlanılsa da, digər 6 nəfər və bu cinayətə ortaq olanlar hələ də həbs edilməyiblər.


Ölən jurnalistin qətlində yeni detallar

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *